Kriminal

Federasiyanın sabiq vitse-prezidentinin məhkəməsində falçı ifadə verib

Sharing is caring!

Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbin (Səbuhi Vaqifoğlu) məhkəməsində şahid qismində Mehriban Babayeva ifadə verib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə M.Babayeva bildirib ki, təqsirləndirilən şəxsi 10 ildən artıqdır ki tanıyır:

“Mən özüm baxıcılıqla (falçılıqla – red.) məşğulam. Səbuhinin qaynanasıgillə qonşu olmuşam. Zərərçəkmiş Şahin doktor yüksək vəzifəyə təyin olmaq istəyirdi. Səbuhinin belə işlərdə bacarıqlı oğlan olduğunu bilirdim və onları bir-birləri ilə tanış etdim. Sonra Şahindən Əliyevdən eşitdim ki, Səbuhiyə bu işi alındırması üçün 250 min manat verib. Mən irad tutdum ki, 250 min manat kifayət qədər böyük puldur, gərək tələsməzdin. mənim onlarla sonra heç bir əlaqəm olmadı. Şahin dedi ki xeyli müddət keçib, ancaq işi alındırmayıb. Mən də onu əmin etdim ki əgər işi düzəltməsə mən iki evimi satıb pulunu qaytaracam”.

Məhkəmənin növbəti prosesi martın 6-na təyin olunub.

İttiham aktına əsasən, S.Rəcəb tanışı Şahin Əliyevi Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib və onun ümumilikdə 250 min manatını dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə tanışı Səbinə Əliyevaya birlikdə iş görüb, qazanc əldə etməsinə dair yalan vəd verib. S.Rəcəb bu adla ondan ümumilikdə 40 min manat pulu dələduzluq yolu ilə alıb.

Eyni zamanda, o, digər tanışı Günay Əliyevanın “Bentley” markalı avtomobilini dələduzluq yolu ilə ələ keçirərk ona qarşı 51 min manat məbləğində ziyan vurub.

Beləliklə, S.Rəcəb üç nəfərə qarşı 341 min manatlıq dələduzluq edib.

Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, S.Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.

2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsini tutub.

O, 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir