İqtisadiyyat

SOCAR İstiqrazlarının üçüncü faiz ödənişi edildi – FOTO

Sharing is caring!

“SOCAR Capital” şirkətindən verilən məlumata görə, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti beş il, illik gəlirliliyi 4,5% olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 1 avqust tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.

Bakı Fond Birjasında yerləşdirildiyi doqquz aylıq müddət ərzində ən çox investisiya edilən qiymətli kağıza çevrilmiş yeni SOCAR İstiqrazları üçüncü kupon ödənişi nəticəsində sahiblərinə 1 milyon 125 min ABŞ dolları gəlir gətirib. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 3 milyon 375 min ABŞ dollarına yüksəlib (beş ilin yekununda toplam gəlir 22,5 milyon ABŞ dolları təşkil edəcək.)

Təkrar bazar əməliyyatları həcminin 23 milyon ABŞ dollarını ötməsi, bağlanmış əqd sayının 220-yə çatması və ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricisidir.

1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən və Azərbaycanda qeydiyyatdan keçmiş bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominaldan (1000 ABŞ dolları) aşağı düşməyib.

Qeyd edək ki, SOCAR İstiqrazlarının növbəti – dördüncü – kupon ödənişi 1 noyabr 2022 tarixində baş tutacaq.

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və socarcapital.az, socaristiqraz.az elektron ünvanlarına müraciət edə bilərsiniz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.