İqtisadiyyat

Maaşlar, pensiyalar və müavinətlər artırıla bilər

Sharing is caring!

Pərviz Heydərov yazır…

Cari ilin I yarısı hələ başa çatmamış qeyd etmişdim ki, ölkədə inflyasiyanın hədsiz dərəcədə yüksək olması ilə əlaqədar əhalinin sosial müdafiəsini daha da gücləndirmək lazımdır. Bu məqsədlə hökumətimiz tərəfindən növbəti bir sosial paketin də icrasına start verilməli və pensiya, əməkhaqqıları, o cümlədən sosial müavinət və digər ödənişlər artırılmalıdır. 

Hansı ki, buna müvafiq şərait də var və imkan da mövcuddur.

Söhbət, cari il ərzindən gedirdi. Belə ki, yanvarın 1-dən sosial istiqamətdə maliyyələşdirmə artırılmışdı. Yəni, pensiya və əməkhaqqıları yüksəldilmişdi.

Dəqiq qeyd etsəm, 2019-cu il ərzində ardı-arda 2 dəfə – birincisi martın 1-dən, ikincisi isə sentyabrın 1-dən olmaqla üst-üstə iki sosial paket icra edildikdən və 2020-2021-ci illərdəki aralıqdan sonra dövlət başçısı İlham Əliyevin tapşırığı ilə bu ilin əvvəlindən 3,4 milyon insanı əhatə edən illik maliyyə tutumu 2,1 milyard manata bərabər növbəti bir sosial islahat paketin icrasına da start verildi.
Beləliklə də, son üç il yarım ərzində bu, ölkədə 4 milyon vətəndaşı əhatə edən üçüncü sosial islahat paketi sayıldı. Və bu paketlərin icrası üçün büdcədən əlavə olaraq ümumən 6 milyard manat ayrıldı.

Odur ki, minimum əməkhaqqı 2,3 dəfə, orta əməkhaqqı 51 faiz, median əməkhaqqı 81 faiz, minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 75 faiz, yaşa görə pensiya 70 faiz, müavinət və təqaüd ödənişləri isə 3,5 dəfə artıb.

Ümumiyyətlə, sırf sosial ödənişlər üzrə son 3-4 il ərzində 2,5 milyon nəfərə əlavə olaraq 2,8 milyard manat, əməkhaqqı dəyişiklikləri üzrə isə 1,5 milyon nəfərə 3,2 milyard manat vəsait ayrılıb ki, bu da ümumən 6 milyard manat edir.

Bütün bunlarda sözsüz, ölkədə büdcə-vergi (fiskal) siyasəti sahəsində həyata keçirilən dəyişikliklərin nəticəsi mühüm rol oynayıb. Yəni, əsas olaraq məhz bu amil sözünü deyib ki, söhbət, qeyri neft-qaz sektorunda gəlirlərin artmasından və bir sıra vacib fondlara transfert, habelə mədaxilin daha qənaətbəxş forma almasından gedir.

Hansı ki, bu, çox sevindirici haldır və göstərir ki, dəyişiklikləri davam etdirmək lazımdır.

Məsələ bundadır ki, sözügedən sahədə, yəni büdcəyə mədaxildə keyfiyyət göstəriciləri, başqa sözlə, vergi (fiskal) siyasətində həyata keçirilən dəyişikliklər sözünü hələ də deyir. 

Belə ki, dövlət büdcəsinin icrasına dair cari ilin ilk 6 ayının yekunlarına aid məlumatda göstərilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 482 milyon 100 min manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 2 milyard 064 milyon 700 min manat və ya 46,7 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 2 milyard 140 milyon 100 min manat və ya 49,3 faiz çoxdur. 

Həmin vəsaitin 67,6 faizi və yaxud 4 milyard 381 milyon 300 min manatı qeyri-neft-qaz sektorundan daxilolmaların payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 206 milyon manat və ya 38,0 faiz çox nəticə əldə edilib.

Təsadüfi deyil ki, bu ilin ötən 6 ayının yekunlarına dair bu günlərdə keçirilən müşavirədə Prezident İlham Əliyev də qeyd etdi ki, buna iqtisadi sahədə aparılan islahatlar imkan yaradıb. 

“Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik” – deyə, dövlət başçısı vurğuladı.

Bəs, cari il ərzində növbəti dəfə sosial artımlar həyata keçiriləcəkmi? Ümumiyyətlə, pensiya və əməkhaqqıları, o cümlədən sosial müavinət və təqaüdlər bu il yenə artırılacaqmı?

Prezident İ. Əliyev sözügedən müşavirədə qeyd etdi ki, iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində isə 11,5 faiz artım var.

“Çox yaxşı nəticələrdir və bu nəticələri biz real həyatda da görürük. Çünki bu, imkan verir ki, biz maaşları artıraq, pensiyaları artıraq. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. Düzdür, inflyasiya bu artımın bir hissəsini, necə deyərlər, yeyir. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır” – deyə, dövlət başçısı vurğuladı.

Bu, o deməkdir ki, il ərzində növbəti dəfə artımlara getmək üçün hər cür imkan və əsas var. Başqa sözlə desəm, yuxarıda söylədiklərim bir daha təsdiqini tapır. 

Lakin…

Dövlət başçımız müşavirədə yekun nitqində onu da əlavə etdi ki, artıq, gələn ilin büdcəsi ilə bağlı müvafiq işə başlanmalı və hökumət bütün qurumları arasında keyfiyyətli koordinasiya qurmaqla, növbəti il üzrə dövlət büdcəsi sənədinin qarşıda duran bütün vəzifələri icra etməyə imkan yaratmasına nail olmalıdır.

“Dürüstləşmədən sonra builki dövlət büdcəmiz məncə, Azərbaycan tarixində ən böyük büdcədir və biz istəyirik ki, artan imkanları maksimum səmərə ilə ölkəmizin inkişafına və insanların sosial rifahına yönəldək. Gələn ilin büdcəsində – əlbəttə ki, büdcənin parametrləri hələ müzakirə olunacaq, hələ vaxta var, amma mən əsas istiqamət olaraq yenə də sosial siyasəti görürəm” – deyən, ölkə rəhbəri növbəti artımların ən geci 2023-cü ilin yanvarın 1-dən olacağı anonsunu verdi. 

Prezident bəyan etdi ki, təkliflər verilsin ki, insanların sosial müdafiəsini lazımi səviyyədə təmin edilməsi, xüsusilə də ən həssas kateqoriyadan olan insanların sosial məsələlərinin həll olunması üçün hansı əlavə addımlar atılsın.

Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, cari ilin ilk yarımilinin yekunlarına dair müşavirədə prezidentin verdiyi tapşırığa əsasən, sosial islahatları davam etdirmək üçün təkliflər hazırlanacaq. Söhbət, növbəti ildən gedir.

Sözün qısası, maaşlar, pensiyalar və sosial müavinətlər artacaq. Bu il ərzində olmasa da, ən geci gələn ilin yanvarın 1-dən etibarən… 
Bəli, dünya iqtisadiyyatında inflyasiya və bahalaşma getdikcə gücləndiyi və geniş şəkildə tüğyan etdiyi zamanda ölkəmizdə dövlət büdcəsi olduqca əlverişli və yüksək göstəricilərlə icra edilir. Və bu çox müsbət hadisədir. 

Ümumiyyətlə, bu il ərzində növbəti bir sosial paketi də həyata keçirmək mümkündür və bunu getdikcə güclənməkdə olan, tüğyan edən inflyasiya və bahalaşma həqiqətən də vacib sayır.

Bununla belə, xarici iqtisadi təsirlərin gedişatını, inkişaf tendensiyasını da nəzərə almaq vacibdir. Dövlətin və hökumətin sosial istiqamətdə həyata keçirdiyi siyasətdə ən böyük təqdirəlayiq hal odur ki, ardıcıllıq və davamlılıq prinsipi hər şeydən əsas götürülür. Yəni, əhalinin məhz real gəlirlərinin artmasına daha çox diqqət yetirilir.

Maaşları və pensiyaları hər zaman artırmaq mümkündür. Əsas odur, artımlar inflyasiyanın yeminə çevrilməsin. Yeri gəlmişkən, xatırladım ki, bir az əvvəl cari ilin dövlət büdcəsinə yenidən baxıldı və dürüstləşdirildi. Diqqəti cəlb edən və xüsusi olaraq qiymətləndirilməli olan ən mühüm cəhət Dövlət Neft Fondundan transfert məbləğinin nəyinki artırılmaması, əksinə azaldılması oldu. 
Hələ buna rəğmən də, ölkə üzrə minimum əməkhaqqı və pensiya məbləğini qaldırmaq mümkündür.

Ancaq payızı gözləmək daha məsləhətdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir