İqtisadiyyat

Vergi güzəştlərindən sonra tibbi xidmətlərin qiymətində azalma olacaq? – Ekspertdən AÇIQLAMA + FOTO

Sharing is caring!


Səhiyyə sahəsi üzrə əməliyyatların şəffaflaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədilə tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan şəxslərə ƏDV üzrə güzəştlər verilib. Bu, biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri olub, tibb müəssisələri üzrə vergi güzəştinin tətbiqi ilə bağlıdır. 

Səhiyyə müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi tutulan ümumi dövriyyədən çıxılması nəzərdə tutulur.

Eyni zamanda, dövlət büdcəsinə hesablanarkən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir və mənfəət vergisindən azad olunub. Tibb müəssisələri üzrə əhəmiyyətli vergi güzəştini nəzərdə tutan bu dəyişiklik həmin sektorda şəffaflaşmanın artırılmasına, eləcə də nağdsız ödənişlərin stimullaşdırılmasına müsbət təsir edəcək.

Bəs bu dəyişiklik vətəndaşlara nə verəcək? Tibb müəssisələrində qiymətlərə nə kimi təsir göstərəcək?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc bildirib ki, bu, yerində atılan addımdır:

“Söhbət tibb müəssisələrinin sahiblərinin, sahibkarların gəlirinin artırılmasından getmir. Bu əksinə vətəndaşların daha güzəştli tibbi xidmətlər, tibbi müayinələrdən yararlanmasından gedir. Hesab edirəm ki, bu sahədə qiymətlər yetərincə ucuzlaşdırılacaq. Çünki əgər vergidən deyilən güzəştləri nəzərə alınarsa, təqribən mövcud qiymətlərin 15-20 faiz arasında aşağı düşməsi gözlənilir. Buna təbii ki nəzarəti də təmin etmək lazımdır. Nəzarət olduqca vacibdir ona görə ki, bu sahədə çalışan sahibkarlar məhz dövlətin güzəştlərinin vətəndaşlara yönəlməsinə deyil, öz şəxsi mənfəətlərinin daha da artırılmasına hesablanmış addım kimi qiymətləndirə bilərlər. Son nəticədə aparılan vergi islahatlarının müsbət təsirini əhali deyil, sahibkarlar öz büdcəsində hiss etmiş olar.

Mövcud vergi güzəştləri təbii ki, tibb müəssisələrinin xərclərini, vergi öhdəliklərini azaltmış olacaq. Bununla da tibb müəssisələri bu günə qədər müxtəlif ödəmələrdə əlavə dəyər vergisinin (ƏDV), eləcə də digər vergilərin vətəndaşlardan alınmasını nəzərə almayacaq. Tibbi islahatların aparılması, tibbi xidmətlərin bütün ölkə əhalisi üçün əlçatanlığının təmin olunması üçün atılan önəmli addımlardan biridir. Bu addım ölkəmizin, hökumətimizin sosial xarakterli olduğunun göstəricisidir. Çünki bu sistem bir daha mövcud güzəştlərin vətəndaşları nəzərə alaraq atıldığını göstərir”.

V.Oruc onu da əlavə edib ki, bu, həm də vətəndaşların daha çox xarici ölkələrdə deyil, ölkədaxilində fəaliyyət göstərən tibb müəssisələrinə üz tutmasına təkan verəcək:

“Tibb müəssisələrində qiymətlərin aşağı düşməsi vətəndaşların rifahının yaxşılaşmasına da xidmət edəcək. Eləcə də bu, tibb sahəsində fəaliyyət göstərən biznes adamlarının da fəaliyyətini genişləndirilməsinə də ciddi şərait yarada bilər. Əlbəttə ki xərclər azaldıqca biznes sektorunda da şaxələnmələr müşahidə ediləcək. Hesab edirəm ki, vətəndaşlarla yanaşı sahibkarların da fəaliyyətinə müsbət təsiri olacaq. Bu addımı ümumilikdə təqdirəlayiq hesab edirəm. Eləcə də düşünürəm ki, gələcəkdə vergi islahatları xidmət sahələrini də əhatə edər.

Çünki müxtəlif xidmət sahələri var və onlar da bu tip fərqli güzəştlərdən yararlana biləcək. Xidmət sektorunda kiçik və orta sahibkarlıq ciddi dövlət dəstəyinə möhtacdır. Bu baxımdan hesab edirəm ki, bu tip addımların atılması son nəticədə kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradır. Bu da ölkə başçısı İlham Əliyevin apardığı yerində və düzgün sosial-siyasi qərarlarının müsbət nəticəsidir. Biz gələcəkdə də bu qərarların müsbət həllərini görməyə davam edəcəyik”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir