İqtisadiyyat

AÇG-də yeni platformada ilk hasilat quyusunun qazılacağı vaxt açıqlanıb

Sharing is caring!


Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda tikilən “Azəri Mərkəzi Şərqi” (ACE) platformasında ilk hasilat quyusunun qazılmasına bu ilin noyabr ayında başlanılacaq.

“Report” xəbər verir ki, bunu “ bp Azerbaijan” şirkətinin maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Alan bu gün Bakıda keçirilən Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki Konfransında (SPE Annual Caspian Technical Conference) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda ACE layihəsi üzrə işlər davam etdirilir və ilk kəşfiyyat quyusunun qazılmasına yaxın günlərdə start veriləcək.

Qeyd edək ki, layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Xatırladaq ki, “Mərkəzi-Şərqi Azəri” layihəsi üzrə yekun investisiya qərarı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları tərəfindən 19 aprel 2019-cu ildə imzalanıb. Layihənin dəyəri altı milyard ABŞ dolları təşkil edir. Platformanın istismarı dövründə bütövlükdə buradan 300 milyon barel neftin hasilatı proqnozlaşdırılır. Bu layihənin məqsədi əlavə quyuları qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.

Layihə suyun 137 metr dərinliyində “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisi; üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturun quraşdırılması; “Şərqi Azəri” platformasından “Mərkəzi-Şərqi Azəri” platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelinin çəkilməsini nəzərdə tutur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir