İqtisadiyyat

Aksiz dərəcəsi və qıtlıq: “Mümkündür ki, bəzi siqaretlərin tərkibində heç tütün olmasın” – AÇIQLAMA + FOTO

Sharing is caring!


Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrinin təqdimatında tütün məhsullarının aksiz dərəcələrinin artırılması öz əksini tapmışdı.

Məlumata görə, Vergi Məcəlləsində ediləcək dəyişikliklərə əsasən, aksiz dərəcəsi artırıldıqdan sonra siqarillanın (nazik siqarlar) hər 1 000 ədədi üçün aksiz ödənişi 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1 000 ədədi üçün 38,5 min manatdan 45,5 manata çatacaq.

Bəzi ekspertlər siqaretin qiymətinin artacağını bildirmişdilər. Hətta bir ədəd siqaretin maya dəyərinin 2,5 qəpik artacağını açıqlamışdılar.

Bazarda siqaret qıtlığının yaşandığı ilə bağlı məlumatlar var. Topdansatış müəssisələrinin proqram təminatında nasazlıq müşahidə olunub. Hətta noyabrın 3-də fərqli markalardan olan aksizli siqaretlərin satışa çıxarılacağı vəd edilsə də, hələ də satışda həmin siqaretlər yoxdur. Məhsulun nə vaxt bazarlara çıxarılacağı bilinmir.

Bəs görəsən, siqaret qıtlığı aksiz dərəcələrinin artırılması iləmi bağlıdır?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, aksiz ödənişlərinin 65 manata qədər qalxacağı proqnozlaşdırılır:

“Aksiz dərəcələrinin artırılmasını Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq konvensiyaların tələblərinə inteqrasiya etmiş ölkələrin qarşısına hədəf kimi qoyub, özü də bu hədəf kifayət qədər yüksəkdir. Yəni aksizlər üzrə ödənişlərin hətta 65 manata qədər qalxması proqnozlaşdırılır. Amma bu, tədricən həyata keçiriləcək.

Göstəricilərə nəzər yetirsək, görərik ki, siqaretin hər min ədədi üçün aksiz ödənişi 38,5 manatdan 45,5 manata qədər yüksələ bilər. Yəni siqaretin hər dənəsində dörd qəpik bahalaşma olacaq”.

Ekspert qeyd edib ki, bu hesabla bir qutu siqaretin qiymətində 80 qəpik artım müşahidə olunacaq:

“Siqareti gətirən şirkətlər bahalaşma dövrünü gözləyərək anbarlardakı mövcud siqaretləri, çox güman ki, hələlik satışa çıxarmayaraq süni şəkildə qıtlıq yaratmaqla bahalaşmasını təmin edəcəklər. Beləliklə, bir qutu siqaret 80 qəpik bahalaşacaq.

Siqareti bazara gətirən sahibkarlar aksiz dərəcələrinin artırılmasından öz maraqları çərçivəsində istifadə edirlər. Belə proses həmişə olub, olacaq da”.

İqtisadçı Rauf Qarayev Oxu.Az-a açıqlamasında bildirib ki, tütün məmulatları büdcəyə gəlir gətirdiyi üçün aksiz dərəcələrinin artırılması, demək olar ki, hər il gündəmdə olur:

“Büdcənin əsas gəlirlərinin formalaşmasında tütün məmulatları və alkoqollu içkilərin bəlli payı var. Düşünülür ki, bu məhsulların aksiz dərəcələrinin artırılması sonda büdcənin gəlirlərinin artmasına gətirib çıxaracaq.

Təbii ki, büdcə gəlirləri qismən artır. Qiymət artımı da olur. Tələbatla bağlı boşluğu doldurmaq üçün İran bazarı təklif olunur. İrandan gətirilən siqaretlər isə nisbətən ucuz olsa da (1,6-1,7 AZN), keyfiyyət baxımından standartlara cavab vermir. İnsan orqanizminə fəsadları daha çoxdur”.

Ekspert qeyd edib ki, qiymətlər qalxsa da, tələbat əvvəlki kimi olacaq:

“Siqaret asılılıq yaratdığı üçün tələbat daim olacaq. Siqaret dünya üzrə gəlirli bazarlardan hesab olunur. Yəni qiyməti artsa da, alanları tükənməyəcək. Bəzən aksiz dərəcələri olmayan siqaretləri satış rəflərində görmək olar. Ola bilsin ki, keyfiyyətsiz siqaretlərin bazarda ümumi çəkisi də artsın. Tələbatın ödənilməsi üçün hətta ola bilər ki, həmin siqaretlərin tərkibində heç tütün olmasın.

Təəssüf ki, bir çox məqamlarda bizdə hansısa bir addımı atanda bazar təhlil olunmur, lazımi məqamlar nəzərə alınmır. Mümkün fəsadlardan qaçmaq üçün yaxşı olar ki, ekspertlərin də rəyi öyrənilsin”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir