İqtisadiyyat

Xankəndinin Baş Planı hazırlanırmı? – RƏY + FOTO

Sharing is caring!


Oktyabr ayının 15-də Prezident İlham Əliyev Azərbaycanın Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində suverenliyini bərpa etməsi münasibətilə Dövlət Bayrağımızı ucaltdı.

İşğaldan azad edilən ərazilərimizdə geniş bərpa-quruculuq işləri aparılır, barbar düşmənin vandalizmi nəticəsində quru çöllüyə dönən şəhər və kəndlərimiz yenidən salınır, doğma torpaqlarımız cana gəlir. Artıq Xankəndidə də bayrağımız dalğalanandan sonra əksəriyyəti düşündürən suallardan biri də şəhərlə bağlı gözləntilərdir. Bəllidir ki, otuz illik işğal ərzində düşmən özünün olmayan yaşayış məntəqələrini nəinki dağıdıb, zorla məskunlaşdığı əraziləri də bəlli səbəbdən abadlaşdırmayıb. İndi çoxlarına maraqlıdır: Xankəndinin Baş Planı, infrastrukturu ilə bağlı hansı çatışmazlıqlar var? Yeni layihələr hansı istiqamətdə olacaq?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev qeyd edib ki, Xankəndidə 30 il ərzində heç bir infrastruktur işləri aparılmayıb:

“Ümumiyyətlə, bizdə böyük layihə institutları var. Misal olaraq, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu, Bakı Dövlət Layihə İnstitutunun adını çəkə bilərəm. Onlar bizim bütün bölgələrimizin, böyük şəhərlərimizin Baş Planını işləyirlər. Bilirəm ki, bu proqram bizdə çoxdan aparılır.

Uzun müddət bizim doğma şəhərimiz işğal altında idi. Torpaqlarımız azad olundu. Artıq bu işə başlanılacaq. Ümumiyyətlə, Xankəndi şəhərində 30 il ərzində heç bir təzə bina tikilməyib, infrastruktur işləri aparılmayıb. Şəhərə böyük sərmayə qoyulmayıb”.

Professor bildirib ki, Xankəndini Azərbaycan üzrə ümumi götürülmüş səviyyəyə qaldırmalıyıq:

“Mən dəfələrlə Şuşada olmuşam. 30 ildə orada heç bir təzə bina tikməyiblər. Azad ediləndən sonra Şuşada böyük infrastruktur layihələri həyata keçirilib. Məncə, eyni prinsip Xankəndi üçün də keçərli olacaq.

Əminəm ki, o şəhər sovet dövründə necə idisə, indi də elədir. Ola bilər ki, maksimum bir, ya iki bina tikiblər. Ona görə mən bir memar kimi hesab edirəm ki, həmin şəhərin artıq yeni Baş Planını işləməliyik. Yeni plana uyğun olaraq, kommunikasiya yollarını Azərbaycan üzrə ümumi faktiki səviyyəyə çatdırmalıyıq”.

“Layihə institutlarımızın Baş Plan üzrə mütəxəssisləri oraya gedib, lazım olan ölçüləri götürəcəklər. Hər bir Azərbaycan bölgəsinin öz unikal memarlıq xüsusiyyətləri var. Şəhərin Baş Planını işləyərkən bunu bizim memarlarımız nəzərə alacaqlar. Xankəndidə Qarabağa xas olan memarlıq xüsusiyyətləri itirilməməlidir. Orada binalar bölgəyə uyğun layihələndirilib, tikilməlidir”, – deyə E.Əliyev qeyd edib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir