İqtisadiyyat

Pomidor nə vaxt ucuzlaşacaq? – AÇIQLAMA

Sharing is caring!


Son günlər Azərbaycanda pomidorun qiyməti nəzərəçarpacaq həddə artıb. Sürətlə və qəfil bahalaşan pomidor sanki qızıla dönüb. Ölkə bazarlarında, iri supermarket şəbəkələrində pomidorun bir kq-ı 4-5 manat arasında dəyişir. Açıq bazarlarda isə qiymət 3-4 manat civarında təklif olunur. 

Halbuki pomidorun qiyməti ən son 80 qəpik – 1 manat arasında təklif olunurdu. Bir gecədə sürətlə bahalaşan bu məhsulun qiymətinin artması müxtəlif səbəblərlə izah olunur. Əsas səbəb olaraq isə qəfil yağıntıların başlanması və məhsuldarlığın azalması gətirilir. 

Qeyd edək ki, Azərbaycanda pomidorun qiymətində artım yalnız qış aylarında müşahidə olunurdu. Bu il isə bu proses tezləşib. Bəzi ekspertlərin fikrincə, pomidorun sürətlə bahalaşması məhsulun Rusiyaya daşınmasıdır. 

Bəs əsl səbəb nədir? 

Mövzu ilə bağlı Bizim.media-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli bahalaşmaya bir neçə səbəb göstərib.

O, deyib ki, səbəblərdən biri yağışların başlanması və açıq sahələrdə pomidorlarların toplanmasının mümkünsüzlüyü olsa da, əsas səbəb başqadır:

“Təkcə yağış faktoru üzərində dayansaq, səhv etmiş olarıq. Çünki yağıntılar davamlı getmədi. Ölkədən Rusiyaya pomidor daşınması da yeni məsələ deyil. Bu, həmişə olub və müsbət cəhətdir. Pomidor ixracı nə qədər artsa, ölkəyə bir o qədər sərmayə gətirər.

Məsələ burasındadır ki, pomidor Ruiyada Azərbaycandakından xeyli ucuzdur. Bu da onunla izah olunur ki, Azərbaycanda pomidor sahələrinin becərilməsi ildən-ilə bir qrup inhisarçılar tərəfindən nəzarətə götürülüb. 

Salyan, Xaçmaz, Ağdaş və bir neçə rayonda böyük fermerlər var. Mərkəzləşdirilmiş şəkildə geniş tarlalarda pomidor əkini ilə məşğul olurlar. Onlar həm də ölkəyə pomidor toxumları idxalı ilə məşğul olurlar. 

O toxumlar seleksiya olunmuş toxumlardır ki, onlar yüksək məhsuldarlıq verməsi üçün xüsusi aqrotexniki qaydada becərilməlidir. İndiki pomidor növlərinə mütləq kökdənkənar yenilənmə verilir. Xüsusi preparat və yarpaqları vasitəsilə qidalandırılır. Bu yollarla inhisarlaşan pomidorun qiymətlərini müəyyən etmək çox asandır. Yəni istədikləri vaxt çox asanlıqla qiyməti qaldırırlar”.

Ekspertin fikrincə, Azərbaycanda pomidorun qiyməti istənilən an sıçrayışla arta bilir:

“Fermerlərin birbaşa Bakıda bazarlara gəlməsi və pomidor satmaları mümkün deyil. Məsələn, “8-ci kilometr” bazarına Salyan fermerləri pomidor gətirib sata bilməzlər.

Hamı “Meyvəli” deyilən əraziyə gəlir, pomidor satan böyük şirkətlər isə məhsulu oradan alır. Yəni bu ticarət bir növ tək əldə cəmləşdirilib. 

Hesab edirəm ki, istixana məhsulları çıxana qədər bu proses davam edəcək. İstixana mövsümü başlayanda məhsul bollaşacaq. Onda qiymətlər təxminən 2-3 manat arasında, qış mövsümünə uyğun olaraq sabitləşəcək. Hazırda istixanalar da eynilə bir neçə fermerin əlində cəmləşib. 3-4 il əvvəl başlayan bi proses indi də bəhrəsini verir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir