İqtisadiyyat

Sahib Ələkbərov: “Süni intellektin geniş tətbiqi bu sahəyə diqqəti artırmağı tələb edir”

Sharing is caring!


Gələcəkdə süni intellekt texnologiyalarının geniş tətbiqi bu sahəyə diqqətin artırılmasını tələb edir, yeni təfəkkürə malik mütəxəssislərin yetişdirilməsini və etik standartların müəyyənləşdirilməsini zəruri edir.

“Report“ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakıda keçirilən “Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi”nə həsr olunmuş “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbirdə bildirib.

O qeyd edib ki, texnologiyanın sürətli inkişafı və qabaqcıl GPT modellərinin yaranması satınalmalar üçün standartların yaradılmasına böyük ehtiyac doğurur:

”Bu sahədə yeni qaydaların və prosedurların hazırlanması da çox vacibdir. Müəssisələr daxilində satınalma prosesini daha səmərəli təşkil etmək üçün rəhbər heyət təşkilatın Süni İntellekt strategiyasının vahid planını müəyyənləşdirməlidir”.

Bundan başqa, nazir müavini bildirib ki, 2022-ci ildə dünyada süni intellekt bazarının dəyəri 136 milyard ABŞ dolları qiymətləndirilib və 2023-cü ildən 2030-cu ilə qədər bu rəqəmin ildə 37,3% böyüyəcəyi gözlənilir:

“Dünya İqtisadi Forumunun Süni intellekt əsaslı həllərin satınalmaları zamanı istifadəsini tövsiyə etdiyi təlimatlar ekosistemin formalaşdırılması istiqamətində önəmli addımlardan biri kimi qiymətləndirilə bilər və onlar süni intellekt həllərini satın almaq istəyən qurumlara faydalı çərçivə təmin edə, əlavə olaraq növbəti mərhələlərdə sözügedən proseslərdə standartların formalaşdırılmasına və bu sahədə tənzimləyici nəzarəti həyata keçirən dövlət qurumlarının fəaliyyətinə də önəmli töhfə verə bilər. İstər dövlət qurumlarının, istərsə də özəl müəssisə və təşkilatların fəaliyyətlərində səmərəliliyin təmin edilməsi və ya artırılması üçün süni intellekt, əşyaların interneti, blokçeyn, avtonom robotlar və s. kimi 4Sİ texnologiyaları əsaslı həllər tələb olunur. Bu kimi həllərin təchizatı, satınalınması, istifadəsi və yayılması isə müvafiq ekosistemin formalaşdırılmasını tələb edir ki, fiziki və virtual infrastruktur, o cümlədən qanunvericilik, standartlar və etik çərçivələr bu ekosistemin komponentləridir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir