İqtisadiyyat

BOKT-lərin kredit kartı buraxması mikromaliyyə bazarına necə təsir edəcək? – FOTO

Sharing is caring!


Azərbaycanda “Bank olmayan kredit təşkilatları haqqında” qanunda edilmiş və bu gündən qüvvəyə minmiş dəyişikliyə əsasən, BOKT-lərə kredit kartı buraxmaq səlahiyyəti verilib.

Azərbaycan Mərkəzi Bankı ödəniş hesablarının açılması və aparılması, habelə kredit kartlarının emissiyası qaydasını 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.

Bəs BOKT-lərin kredit kartı buraxması mikromaliyyə bazarına necə təsir edəcək? “Report” mövzunu bazar üzrə ekspertlərlə müzakirə edib.

“Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva deyir ki, BOKT-lərə kredit kartı buraxmaq üçün səlahiyyətin verilməsi onların müştərilərinə birbaşa xidmət göstərməsinə şərait yaradacaq və xərclərini azaldacaq:

“Çünki BOKT-lərə ödənişlər POS-terminallar vasitəsilə həyata keçirilir, bu da əlavə xərclərə gətirib çıxarır. İndi isə ödənişlər plastik kart vasitəsilə həyata keçiriləcək. İstehlakçılar artıq bankomatlardan istifadə etmək məcburiyyətində olmayacaqlar. Çünki kart buraxılması imkan yaradacaq ki, BOKT-lərə ödəniş terminalları ilə əməkdaşlıq etmək imkanı yaradacaq. BOKT-lər indiyə qədər sadəcə ödənişləri toplayırdısa, bundan sonra artıq kreditlərin kart vasitəsilə verilməsi və POS-terminallar vasitəsilə ödənilməsi mümkün olacaq. Bu da onların xərclərinin optimallaşdırılmasına müsbət təsir göstərəcək, maliyyə xidmətləri göstərən qurumlar arasında rəqabəti artıracaq və xidmətin keyfiyyətini yüksəldəcək. Gənc nəsil indi daha çox mobil əlavələr vasitəsilə pul köçürmələri həyata keçirirlər. Orta nəsil isə fiziki olaraq kartlara üstünlük verirlər. Yeni qərar BOKT-lərin bölgələrdə maliyyə inklüzivliyinin artmasına da töhfə verəcək”.

İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirir ki, BOKT-lərə kredit kartı emissiya etmə səlahiyyətinin verilməsi onlara məhsullarını çeşidləndirmə və artırma imkanı yaratmaqla paralel olaraq gələcəkdə gəlirlərini artırmalarına və kreditləşmə prosesində daha aktiv iştirak etməyə də imkan verəcək:

“Bu qərar müsbətə doğru dəyişikliklə xarakterizə oluna bilər və bazarda rəqabətin artmasına gətirib çıxaracaq. BOKT-lərin bugünkü imkanları böyük vəsaitləri bu yolla bazara daxiletmə imkanı verməsə də, öz aralarında kiçik dövriyyənin yaradılması, gəlir mənbəyinin formalaşması üçün töhfə verəcək. Burada BOKT-lər kredit kartlarında öz vəsaitlərini yerləşdirdikləri üçün və öz vəsaitlərindən istifadə ilə bağlı vətəndaşlara, istehlakçılara şərait yaratdığı üçün hər hansı bir ciddi risk yoxdur. Bu öz növbəsində BOKT vəsaitlərinin nağdsız şəkildə xərclənməsi üçün bir platformanın tətbiqinə imkan yaradır. Qəbul edilmiş qərar, BOKT-lərin məhsullarının çeşidləndirilməsinə və gəlir bazasını genişləndirməyə şərait yaradacaq, nağdsız ödəniş sferasında texnoloji imkanların tətbiqini genişləndirməklə bu vəsaitlərin nağdsız ödənişlərin predmetinə çevrilməsinə şərait yaradacaq. İstehlak kreditlərinin bu yolla daha aktiv şəkildə bazarda yerləşdirilməsi BOKT-lərin fəaliyyətinin təkmilləşdirilməsinə və növbəti illərdə güclənməsinə, qismən də olsa, töhfə verə bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir