İqtisadiyyat

KOB-lar “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim edir – FOTO

Sharing is caring!


“Caspian Agro” və “İnterFood Azerbaijan” sərgiləri çərçivəsində KOBİA və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə KOBİA məlumat yayıb.

Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgiləri öz işinə başlayıb.

Əvvəlki illərdə olduğu kimi, bu il də KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar ödənişsiz olaraq “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim edirlər. KOBİA-nın təmin etdiyi dövlət dəstəyi hesabına yaradılmış xüsusi stenddə 12 mikro və kiçik sahibkarlıq subyekti tərəfindən müxtəlif şirniyyatlar, ədviyyatlar, yağlar, mürəbbə və turşular, zəfəran, qəhvə, narşərab, suvarma sistemləri və istixana avadanlıqları, dronlar, yem və s. məhsullar, eləcə də xidmətlər nümayiş olunur. Bakı, Sumqayıt, Şirvan şəhərlərini, Abşeron, Ağdam və Kürdəmir rayonlarını təmsil edən KOB subyektləri stenddə həmçinin, satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurmaq üçün müxtəlif işgüzar görüşlər keçirirlər.

Sərginin açılış mərasimində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sərgilərin KOB-ların satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasında önəmini qeyd edib. Bildirilib ki, kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır. KOBİA da bu sahələrdə fəaliyyət göstərən KOB-ları müxtəlif xidmət və mexanizmlər çərçivəsində dəstəkləyir. İşğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı və investisiya cəlbediciliyi, kənd təsərrüfatı üçün münbit torpaq ehtiyatına malik olması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradır. Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində bu potensialın reallaşdırılması aqrar və qida sənayesinin, ümumilikdə isə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəsini verəcək. Agentlik “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərini dəstəkləyən qurumlar sırasındadır. Bununla yanaşı, KOBİA-nın təşkilatçılığı ilə qurulmuş xüsusi stenddə aqrar və qida sektorları üzrə KOB-ların məhsul və xidmətləri tanıdılır ki, bu da onların bazarlara çıxışının və satış imkanlarının genişləndirilməsini hədəfləyir.

Sərgi çərçivəsində KOBİA və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AQİSA-nın İdarə Heyətinin sədri Emin Dostiyari imzalayıblar. Sənəddə qida sektorunda fəaliyyət göstərən KOB-ların bilik və bacarıqlarının artırılmasına dəstək üçün maarifləndirmə tədbirlərinin, təlim və məsləhət xidmətlərinin təşkili, yerli və xarici tədbirlərdə KOB-ların məhsullarının sərgilənməsinə, daxili bazarın mövcud vəziyyətinin öyrənilməsinə dəstək, KOB-lar arasında əlaqələndirmənin gücləndirilməsi, qida sənayesi məhsullarının çeşidinin artırılması istiqamətində yerli KOB-lar arasında sorğu və araşdırmaların aparılması, çətinliklərin öyrənilməsi və həlli istiqamətində birgə əməkdaşlıq, KOB məhsullarının onlayn platformalarda satışının təşviqi, xarici tərəfdaşlarla əlaqələrin qurulmasına dəstəyin göstərilməsi kimi tədbirlər nəzərdə tutulur.

Qeyd edək ki, “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgiləri mayın 19-dək davam edəcək. Sərgilərdə 30-dan çox ölkədən 500-ə yaxın şirkətin məhsul və xidmətləri nümayiş olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir