İqtisadiyyat

“Azərişıq”: “Artıq qəza baş vermədən öncə proqnozlaşdırılmanın aparılması mümkün olacaq” – FOTO

Sharing is caring!


“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzinin tam avtomatik rejimdə çalışması, qəza baş vermədən öncə proqnozlaşdırılmanın aparılması, həmçinin abonentlərin və qəza xidmətlərinin eyni anda bütün rəqəmsal tətbiqlər vasitəsilə məlumatlandırılması üçün şərait yaradır.

Bunu “Report”a açıqlamasında qurumun Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.

“Artıq bu yarımstansiya Füzuli rayonunun və digər yaxın yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin etməyə başlayıb. Rəqəmsal Yarımstansiyanın azad edilmiş ərazilərdə olması da əlamətdar haldır. Çünki, bilirsiniz ki, Qarabağ “yaşıl enerji” zonası elan olunub və həmin zonanın da özünün tələbləri var. Həmin tələblərdən biri də rəqəmsal həllərin və yüksək texnologiyaların tətbiqidir. Burada həm enerji itkisinin qarşısı alınır, həm də enerji fasilələri üzrə keyfiyyət indikatorlarında da müsbət nəticələr əldə edilir”, – deyə A.Məmmədzadə bildirib.

Mayın 5-də, həmçinin Azərbaycan prezidenti tərəfindən “Hadrut” qovşaq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub.

“Hadrut” qovşaq yarımstansiyası Füzuli və Cəbrayıl rayonlarından, Şuşa şəhərindən, həmçinin digər ətraf ərazilərdən elektrik enerjisi alınması və ötürülməsində mühüm əhəmiyyət kəsb edir. Ona görə də, məhz coğrafi mövqeyinə və paylayıcı xətlərin kəsişmə nöqtəsində yerləşdiyinə görə bu qovşaq yarımstansiyası Hadrut qəsəbəsində yerləşir”, – deyə mərkəzin direktoru söyləyib.

A.Məmmədzadənin sözlərinə görə, eyni zamanda həmin ərazidə tədris kompleksi də nəzərdə tutulub:

“Həmin tədris kompleksində regional peşə ustalığı üzrə kadrların, “yaşıl enerji” zonası üzrə mütəxəssislərin hazırlanması həyata keçiriləcək”.

O əlavə edib ki, “Hadrut” qovşaq yarımstansiyası ərazisində, eyni zamanda, laboratoriya mərkəzi, transformator sexi, logistika mərkəzləri də fəaliyyət göstərəcək.

“Azərişıq” rəsmisi vurğulayıb ki, həmin qovşaq yarımstansiyasında adıçəkilən ərazilərin abonentlərinə tam xidmət göstərmək mümkün olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir