İqtisadiyyat

Simona Halperin: “Azərbaycan və İsrail enerji məsələsini müzakirə etməyə hazırlaşırlar” – FOTO

Sharing is caring!


“Azərbaycan və İsrail həm ticarət, həm də turist axınını ikiqat artırmaq niyyətindədirlər”.

Bu barədə “Trend”ə müsahibəsində İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun müavini, Avrasiya və Qərbi Balkanlar departamentinin rəhbəri Simona Halperin deyib.

S.Halperin qeyd edib ki, İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycana səfəri zamanı indiyə qədər İsrail nazirini müşayiət edən ən böyük nümayəndə heyəti ilə Bakıya səfər edib.

“Naziri işgüzar nümayəndə heyətinin 16 üzvü və 10 müxtəlif dövlət idarə və nazirliklərinin nümayəndələri müşayiət edirlər. Səfərin əsas məqsədi İsrail və Azərbaycan arasında iqtisadi əməkdaşlığı genişləndirməkdir. Biz bir sıra əməkdaşlıq sazişləri imzalamaq niyyətindəyik. Müxtəlif sahələrdə əməkdaşlığı – səhiyyədən tutmuş kibertəhlükəsizliyə, innovasiyaya, ətraf mühitə və təhsilə qədər – inkişaf etdirmək planlaşdırılır. Bu, həqiqətən də, mühüm səfərdir”, – deyə o bildirib.

Onun sözlərinə görə, tərəflər enerji məsələsini müzakirə etməyə hazırlaşırlar, çünki bu, həm Azərbaycan, həm də bərpa olunan enerji mənbələrinə keçid sahəsində təcrübəsini bölüşə bilən İsrail üçün çox vacib sahədir.

O, İsrailin Azərbaycandakı biznesindən danışaraq qeyd edib ki, İsrail şirkətləri müxtəlif sahələrdə çox fəaldırlar: enerjidən tutmuş Qarabağda su idarəçiliyi, kənd təsərrüfatı kimi çox vacib sektorlara qədər.

O, Azərbaycanın İsraildə səfirliyinin açılmasını da yüksək qiymətləndirib:

“Biz çox şadıq ki, diplomatik münasibətlərin qurulmasından 30 il sonra Azərbaycanın İsraildə səfiri var. Biz Azərbaycanın İsraildə səfirliyinin açılmasını alqışlayırıq. Bundan sonra biz həm ticarət, həm də turizm axınını iki dəfə artırmağa yönəlmişik. Son məlumatlara görə, İsraildən Azərbaycana gələn turistlərin sayı təqribən 50 min nəfərdir və bu sahədə böyük potensial gördüyümüz üçün bu rəqəmi ən azı iki dəfə artırmaq qarşıya məqsəd qoyulub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir