İqtisadiyyat

Taleh Ziyadov: “Orta Dəhlizin strateji rolu artır”

Sharing is caring!


Geosiyasi vəziyyəti nəzərə alanda Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin) strateji rolu artır.

“Report” xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Çinin ən böyük limanlarından biri olan Qinqdao limanının nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, regiondakı yeniliklər, xüsusilə 44 günlük müharibədən sonrakı yeni reallıqlar Orta Dəhliz üçün yeni imkanlar açır.

“Zəngəzur dəhlizi vasitəsilə yeni imkanlar yaranır. Bu imkanlardan Çin şirkətləri istifadə edə bilərlər”, – deyə baş direktor qeyd edib.

T.Ziyadovun sözlərinə görə, son 10 ildə Azərbaycan hökuməti ölkənin regional logistika habına çevrilməsi strategiyası tətbiq edib.

“Bu gün Bakı limanı Çinin ən böyük limanlarından biri olan Qinqdao limanı ilə anlaşma memorandumu imzalayacaq. Bu isə Orta Dəhlizə daha çox yüklərin cəlb edilməsinə imkan yaradacaq. Qinqdao limanı Orta Dəhlizdə yük daşımalarda önəmli yerə sahibdir. 2019-cu ildə bu limanı ziyarət edib birgə çalışmaları müzakirə etmişik. Bu liman qabaqcıl texnologiyalar tətbiq edir”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir