İqtisadiyyat

Azərbaycan-İran məsələsi: Nazirlərin danışığı, Rusiya-İran xəttindəki müzakirələr – TƏHLİL + FOTO

Sharing is caring!


Azərbaycanla İran bir-birinə qarşılıqlı ittihamları səngitmək üçün razılığa gəlmək niyyətindədirlər. Hərçənd ki, bu baş tutsa belə, ömrü müvəqqəti əsaslar üzərində təyin ediləcək.

Çünki Azərbaycandan fərqli olaraq, İranda idarəetmədə, xarici siyasət kursunun aparılmasında paralel qüvvələr bir-birinin sözünü boğazlarından keçirə bilmirlər və sərt xətt tərəfdarlarının səsi daha çox eşidilir.

Lakin istənilən halda, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında iki gün – 7-8 aprel tarixlərində – telefon vasitəsilə geniş müzakirələrin aparılması aqressiyanı azaltmağa doğru istək kimi qiymətləndirilə bilər.

Azərbaycan-İran danışıqlarının iki ölkənin köklü siyasətinə təsir edəcəyini gözləmək əbəsdir, ən azından, ona görə ki, nə Azərbaycan Ermənistan üzərindəki şərtlərindən, İsraillə əlaqələrinin dərinləşməsindən əl çəkəndir, nə də İran radikal dini-siyasi baxışları beynindən siləndir.

Münasibətlərdə müvəqqəti “mehribanlıq” yaşansa belə, Bakı-Tehran münasibətlərindəki kəskinləşən ritorika İrandan getdikcə zilə qalxan hərbi təhdidlərlə müşayiət ediləcək.

Lakin bir məqam diqqət çəkməyə bilməz, hələ nə Azərbaycan, nə də İran müştərək iqtisadi layihələrin gələcəyini sual altına qoyan bəyanatlar səsləndiriblər.

Xüsusilə iki dövlətin iqtisadi platformada maraqlarını eyniləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir.

Bayramov-Abdullahian danışıqlarında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılığın ifadə edilməsi həm ikitərəfli münasibətlərin iqtisadi cəhətlərini, həm də Dəhliz çərçivəsində çoxvektorlu aspektləri özündə ehtiva edir.

Azərbaycan və İran xarici siyasət idarələri arasındakı təmasların davamı kimi ortaya bir səfər də çıxdı – söhbət Rusiya prezidentinin köməkçisi İqor Levitinin Tehrana səfərindən gedir.

Levitin Tehranda İranın xarici siyasət lövhəsində “at fiquru” olan Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Marşrutu üzrə müzakirələr aparıb.

Əli Şamxani son zamanlar İran xarici siyasətində barışdırıcılıq fəaliyyəti ilə diqqət çəkir, o, regional əlaqələri yaxşılaşdırmaq üçün Səudiyyə Ərəbistanı ilə danışıqların fiquru rolunda çıxış etdi.Levitinlə Şamxaninin görüşündə Azərbaycan-İran gərginliyinə son qoyulması “Şimal-Cənub”un əhəmiyyəti fonunda müzakirə oluna bilər.

Çünki Rusiya bu Dəhlizə yarımçıqlıq kompleksi gətirən problemləri aradan qaldırmaqda, Rəşt-Astara dəmiryol xəttinin tikintisinin yekunlaşmasında maraqlıdır.

Şamxaninin “Şimal-Cənub”un müzakirə predmetinə gətirilməsi fonunda “bu strateji layihə ilə bağlı iki ölkə rəhbərliyinin qərarlarının həyata keçirilməsinə əngəl törədən bütün maneələr yaxın vaxtlarda aradan qaldırılmalıdır” sitatı diqqət çəkir.

Ancaq bu o demək deyil ki, İran Azərbaycanın strateji maraqlarını yuxarıda tutur. Əksinə, bəlkə də, Rusiya ilə birlikdə Dəhlizdəki “təmiri” Azərbaycanın aktivlərini azaldacaq, ancaq Bakı üçün cəlbedici görüntü yaratmaq tərzində nəzərdən keçirir.

Bu nə ola bilər?

Azərbaycanın Zəngəzur dəhlizi layihəsinin strateji əhəmiyyətini kiçiltmək və onun sırf “Şimal-Cənub”un bir qolu kimi inkişafına baxış bucağı İranın şüurunda yer ala bilər.

Əli Şamxaninin Levitindən sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşünün notları da yəqin ki, həmin maraqlara uyğun yazılmışdı.

Görünən budur ki, Abdullahian, sadəcə, Azərbaycanı sakitləşdirmək üçün Bayramovla danışıb. Deməli, İran həm aşkar, həm də gizli olaraq öz niyyətlərini həyata keçirməyə cəhd edəcək.

İndi əsas diqqət Rusiyanın necə oynayacağı və Türkiyənin buna necə reaksiya verəcəyidir. Hərçənd ki, Moskva hələ bu zamana qədər Azərbaycanla əməkdaşlığın ruhunu İranın regional təhdidlərinə qurban verməyib.

Bu baxımdan, ortaq məxrəcə gəlmək üçün diplomatik-siyasi kanallarda var-gəllər davam edəcək, Azərbaycan-Türkiyə-Rusiya üçbucağında da müzakirələrin davam edəcəyi gözləniləndir. 

Amma müzakirələrin xarakterindən asılı olmayaraq Azərbaycanla İran arasındakı gərgin münasibətlərin nüvəsi soyumaya bilər…

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir