İqtisadiyyat

Ölkəyə gətirilən qidalarda virus – Haradan idxal edək? – ŞƏRH + FOTO

Sharing is caring!


Azərbaycana İrandan idxal olunan portağal və Belarusdan gətirilən ərzaqlıq kartof məhsullarına fitosanitar baxış keçirilib. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan laborator analizlər nəticəsində sözügedən məhsullarda təhlükəli viruslar aşkarlanıb. Buna görə də, agentlik tərəfindən İran və Belarus ixracatçılarının Azərbaycana məhsul idxalına 2023-cü il 5 aprel tarixindən müvəqqəti qadağa qoyulub.

Qeyd edək ki, bundan öncə də xarici ölkələrdən idxal edilən bəzi məhsullarda müxtəlif mənşəli viruslar aşkarlanmış, müvəqqəti qadağalar tətbiq edilib.

Bəs maraqlıdır, qadağa qoyulan məhsulların idxalı hansı ölkələr hesabına təmin edilə bilər?

Bununla əlaqədar Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov xatırladıb ki, Azərbaycanda daxili bazarın keyfiyyətli və təhlükəsiz ərzaq malları ilə təmin edilməsi, qida təhlükəsizliyi ilə bağlı siyasətin əsas istiqamətidir. Millət vəkili bildirib ki, İran və Belarusdan ölkəmizdə gətirilən bəzi məhsullara qadağa qoyulması həmin ölkələrdən məhsulların idxalının tamam dayandırılması demək deyil:

“Hər iki ölkə ilə Azərbaycanın normal ticarət münasibətləri var və qarşılıqlı mal dövriyyəsi aparılır. Sadəcə keyfiyyəti şübhə doğuran partiya üzrə mallara qadağa qoyulub, növbəti partiya üzrə məhsulların keyfiyyəti fitosanitar normalara cavab verdiyi halda, onların idxalı davam etdiriləcək. Eləcə də, keyfiyyəti normalara cavab verən digər bütün növ idxal mallarının gətirilməsi üçün heç bir problem yoxdur. Eyni zamanda, hər iki ölkədən kartofdan başqa, yüzlərlə çeşiddə malın gətirilməsi davam etdirilir ki, bu da əmtəə dövriyyəsinin adi qaydada davam etməsini göstərir”.

A.Hüseynov bildirib ki, hazırkı idxal məhdudiyyətləri Azərbaycanın idxal statistikasına təsir edəcək səviyyədə deyil:

“Bu gün Azərbaycanın idxalında onlarla ölkənin payı var, Azərbaycanın ticarət partnyorlarının sayı 148-dən çoxdur və məhsul idxal etmək üçün coğrafiya kifayət qədər genişdir. Bu gün dünyada ərzaq və qeyri-ərzaq mallarının tədarükü və idxalı üçün yüzlərlə bazar, idxalçı şirkətlər var. Ona görə də dünyanın ən ucqar bölgələrindən mal və xidmətlərin idxalı üçün geniş şərait var və daxili bazarda boşluq yaranması qeyri-mümkündür. Xüsusilə də kartof üçün ölkələrin sayı hədsiz genişdir, Rusiya, Qazaxıstan, Pakistan, Polşa, Türkiyə və digər ölkələrdən həmin məhsulu Azərbaycana idxal etmək çox asandır və bu, həyata keçiriləcək”.

Məsələnin kənd təsərrüfatına aid məqamlarına toxunan iqtisadçı-ekspert Rauf Qarayev isə hesab edir ki, kənd təsərrüfatı məhsullarının idxal edilməməsi, daxili istehsalın gücünə təmin edilməsi önəmlidir. Ekspert vurğulayıb ki, bəzi məhsullar var ölkəmizdə yetişdirilməsi çətin və uzun prosesdir, ona görə xaricdən idxal edilir:

“Amma ənənəvi məhsulların idxalı minimuma endirilə bilər və ya xaricdən gətirməkdən tamamilə imtina olunması mümkündür. İstənilən halda düşünürəm ki, kənd təsərrüfatı məhsullarının əkilməsi, istehsalı qeyri-bərabər planlaşdırılır, düzgün addım atılmır. Məsələn, pambıq becərilməsi elə formalaşdırılıb ki, hər yerdə əkilməlidir, plan təqdim edilməlidir və s. Amma bir məhsula tələbatı müəyyən etmək üçün bazar monitorinqi aparılmalıdır, tələb və təklif dəyərləndirilməlidir. Bəzən monitorinqlərdə aldadıcı məqamlar da olur. Statistik məlumatlar düzgün olmayanda, buna uyğun qurulan iş də səmərə vermir.  Təsərrüfatçı ilə təmaslar, alimlərin hesablamaları, ekspertlərin fikirləri nəzərə alınmalıdır. Nəticə istənilən göstəricini vermirsə, demək nə isə düzgün aparılmayıb.

Azərbaycanda becərilməsi mümkün olan ən azından daxili tələbatı qarşılayacaq səviyyədə istehsal qurmaq mümkündür. Elə kartof, portağal kimi qidaların ölkəmizdə yetişdirilməsinə diqqət idxaldan asılılığı minimuma endirə bilər.

Kənd təsərrüfatının inkişafı, idxaldan asılılığı minimuma endirmək üçün düzgün siyasət aparılmalı, rəhbərlik edən şəxslərin, nazirin və komandasının bu sahəyə bağlılığı olmalıdır. Təəssüf ki, kadr təyinatında bu məqam nəzərə alınmır. Təyin edilən şəxs öz komandasını formalaşdırır, nəticədə sahə haqqında dərin məlumatı olmayan şəxslər yığılır. Bütün bunlar kənd təsərrüfatı məhsullarının xaricdən idxalına məcburiyyət yaradır”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir