İqtisadiyyat

Rəhman Hümmətov: “Yeni təyyarələrin alınması ilə bağlı bu ay müqavilələr imzalanacaq”

Sharing is caring!


“Azərbaycanda sərnişin daşımaları xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə yeni hava gəmilərinin alınması ilə bağlı bu ay ərzində müqavilələrin imzalanması planlaşdırılır”.

Bunu “Report”a müsahibəsində Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

“Hazırda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarə parkında səkkiz növ təyyarə mövcuddur. Bu da istər təyyarələrin saxlanılması, istərsə də təyyarələrə xidmət göstərən heyətin hazırlanması baxımından xərclərin çox olmasına gətirib çıxarır. AZAL-ın 2023-30-cu illəri əhatə edən uzunmüddətli Strateji İnkişaf Planında xərclərin azaldılması üçün təyyarələrin iki növdən – dargövdəli hava gəmiləri üzrə “Airbus A320 Neo” sinfi, genişgövdəli hava gəmilərinin isə “Boeing 787 Dreamliner” tipli hava gəmilərindən ibarət olması nəzərdə tutulur”, – R.Hümmətov bildirib.

Onun sözlərinə görə, hazırda hava yolu ilə sərnişindaşıma sahəsində strateji addımların atılması nəzərdən keçirilir:

“2030-cu ilə qədər hava yolu ilə sərnişindaşımanın genişləndirilməsi, müəssisənin mənfəətinin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Burada əsas məsələlərdən biri yeni hava gəmilərindən ibarət donanmanın formalaşdırılmasıdır”.

Nazir müavini qeyd edib ki, strategiyada həmçinin 2030-cu ilədək həyata keçirilən beynəlxalq uçuşların sayının artırılması ilə bağlı müddəalar da göstərilib və artıq bu istiqamətdə işlərin yerinə yetirilməsinə başlanılıb:

“Eyni zamanda, xidmət şəbəkəsinin genişləndirilməsi, uçuşların intensivliyində tələb-təklif prinsipinə əməl edilməsi, bu sahədə qabaqcıl texnologiyaların və rəqəmsal həllərin tətbiqi ilə bağlı da zəruri işlər görülməkdədir.

Adıçəkilən strategiyanın əsas məqsədi AZAL-ı müasir tələblərə tam cavab verən və rəqabətədavamlı qabaqcıl şirkətə çevirməkdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir