İqtisadiyyat

Tahir Cəfərov: “Azərbaycanın qaz satışından gəlirləri il ərzində əlavə 300 mln dollar artacaq”

Sharing is caring!

“Yeni istilik elektrik stansiyasının (İES) istismara verilməsi ilə Azərbaycanın təbii qaz satışından gəlirləri 200-300 milyon ABŞ dolları artacaq”.

Bunu “Report”a açıqlamasında energetik-alim Tahir Cəfərov dünən Bakıda “Gülüstan” sarayında keçirilən müstəqillik dövrünün 1 280 MVt gücündə ən böyük istilik elektrik stansiyasının təməlqoyması ilə bağlı tədbiri şərh edərkən deyib.

T.Cəfərov hesab edir ki, Azərbaycan elektrik enerjisini satmaq üçün marketinq siyasəti yürütməlidir:

“Bizə elektrik enerjisini satmaq, hazır məhsul şəklində ixrac etmək xammalı satmaqdan daha sərfəlidir. Belə olanda daha çox qazanc əldə edirik, nəinki qazı xammal kimi satanda. Amma bu gün dünya bazarında təbii qazın qiymətinə baxsaq, görərik ki, tariflər kifayət qədər əlverişlidir. Bu baxımdan deyə bilərəm ki, hazırda təbii qaz satışı da mənfəətlidir.

Sual oluna bilər ki, indi artım nə qədər olacaq?! Ümumiyyətlə, yeni stansiyanın gücü 1 200 meqavatdan çox olacaq ki, bu da “Azərbaycan” İstilik Elektrik Stansiyasının təxminən yarısı deməkdir. Hazırda onun mövcud gücü 2 400 MVt-dır və təxminən 50% artaraq 3 600 MVt-a çatdırılacaq.

Nəzərə almaq lazımdır ki, yeni turbinlərin istismara verilməsi ilə biz qaza qənaət də etməli oluruq. Təxminən 1 milyard kubmetr qaza qənaət ediləcək ki, bu da ölkəmizin ixrac potensialını artırmağa imkan verir və nəticədə Azərbaycana xarici valyuta axını sürətlənəcək. Təxminən minimum qiymətlərlə biz hər 1 000 kubmetri 200 ABŞ dollarına satsaq, bu, illik 200 milyon ABŞ dolları əlavə gəlir deməkdir. Nəzərə almaq lazımdır ki, qazın qiymətinin 1 800-2 000 ABŞ dollarına qalxdığı dövrlər də olub. Əgər qiymətlər bu ardıcıllıqla davam etsə, qoyulan investisiyalar müəyyən edilən altı ilə yox, daha tez qaytarılacaq”.

T.Cəfərov vurğulayıb ki, Azərbaycan elektrik enerjisi ixracı ilə də məşğuldur:

“Bu baxımdan qonşu ölkələrdə, potensial müştərilərimiz arasında marketinq siyasəti aparmalıyıq və tələbata uyğun olaraq güclərimizi artırmalıyıq.

Yeni İES şərti yanacaq istifadəsini də azaldacaq. “Azərbaycan” İES-də bu vaxta qədər 300-320 qram şərti yanacaq vahidi istifadə edilirdisə, bu blokların işə düşməsi ilə həmin rəqəm 200-220 qrama düşəcək. Nəticədə qeyd olunan göstəriciləri əldə edə biləcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir