İqtisadiyyat

Maliyyə təhlilçisi Artyom Tuzov: “Manatın dollara nisbətdə sabit məzənnəsi davam edəcək”

Sharing is caring!

“Manatın dollara nisbətdə sabit məzənnəsi, görünür, davam edəcək”.

Bunu rusiyalı analitik, “İVA Partners” İnvestisiya Şirkətinin Korporativ Maliyyə Departamentinin direktoru Artyom Tuzov Oxu.Az-a Rusiya rublunun ucuzlaşma səbəbi və bunun qonşu ölkələrin valyuta məzənnələrinə təsiri ilə bağlı şərhində deyib.

Onu sözlərinə görə, vəziyyətə təsir edən bir çox amillər var:

“Amma məsələn, Rusiya neftinə qoyulan məhdudiyyətlər, yəni “qiymət tavanı” işləyə bilməz. Məsələ burasındadır ki, “Brent” markalı neftin və “Brent”ə diskontla satılan Rusiya neftinin dəyəri bu tavandan, sadəcə olaraq, aşağıdır. Bu, birincisi. İkincisi, sanksiyalar tətbiq edən ölkələr, onsuz da, Rusiya neftini çox almırdılar. Onda bunların nə mənası var?”

Rublun məzənnəsinə və onun xarici valyutalara nisbətdə niyə zəifləməsinə gəlincə isə ekspert bunun  qlobal məsələ olduğunu vurğulayıb.

“Nəyə görə rubl 2022-ci ildə belə güclü olub, axı sanksiyalar hər necə olsa, Rusiya iqtisadiyyatına təsir edirdi? Hər bir halda, hökumət görmək istədiyi normal məzənnənin 1 dollar üçün 70-80 rubl olduğunu bildirib. İndi Rusiya valyutası rəvan şəkildə düşür və bu diapazonun ortasındadır. Deməli, bunda gözlənilməz heç nə yoxdur. Bu tendensiya belə də davam edə bilər, axı Rusiya Federasiyası böyük nomenklaturada resurs ixrac edən ölkədir. Ola bilsin ki, neftlə bağlı hər şey o qədər də pis deyil, amma metal və taxta ilə vəziyyət fərqli idi: 1 dollar üçün 60 rubl məzənnəsi sərfəli deyildi”, – deyə o izah edib.

Rublun ucuzlaşmasının qonşu ölkələrin valyutalarına təzyiqinə gəlincə isə Tuzov hazırkı vəziyyətin neft məhsullarının ixracı ilə sıx bağlı olan Azərbaycan iqtisadiyyatı üçün sərfəli olduğunu deyib:

“Alıcıların siyahısı genişlənib, neftin satıla biləcəyi qiymət diapazonu artıb. Rusiya neft məhsullarından imtina edənlər əvəzedici axtarırlar. Onu da, o cümlədən Azərbaycanda tapırlar. Qazaxıstanda da vəziyyət oxşardır, burada hələ də subyektiv amil var, çünki Rusiyadan miqrasiya dalğası var idi, çoxları Qazaxıstan Respublikasına getdilər, xarici valyuta axını daha çox oldu. Deməli, qonşu ölkələr üçün hələ ki mənfi amil yoxdur”.

O, Qazaxıstan üçün yüksək inflyasiyanın o qədər də yaxşı olmadığına baxmayaraq, digər tərəfdən, inflyasiyanın ölkəyə nağd pul axını gətirdiyini, bunun da iqtisadiyyat üçün müsbət amil olacağını qeyd edib.

“Azərbaycan məsələsinə qayıtsaq, ölkənizin güclü iqtisadiyyatı olduğunu, özü də üstəlik, 2021-ci ildə başlayan enerji böhranından da faydalandığını vurğulamalıyam. Manatın dollara nisbətdə sabit məzənnəsi, görünür, davam edəcək”, – deyə Tuzov sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir