İqtisadiyyat

Elçin Əmirbəyov: “Azərbaycan sülhə və Ermənistanı iqtisadi layihələrə cəlb etməyə hazırdır” – FOTO

Sharing is caring!

“Azərbaycan Ermənistanı müxtəlif regional iqtisadi layihələrə cəlb etməyə hazırdır, bu isə etimadın möhkəmləndirilməsi üçün əsas rolunu oynayacaq və uzunmüddətli sülhə zəmanət verəcək”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “Irish News” qəzetinin müxbiri Deqlan de Breaduna (Deaglán de Bréadún) müsahibəsində deyib.

“Azərbaycan açıqlığa və Ermənistanı regionda həyata keçirilən müxtəlif iqtisadi layihələrə cəlb etməyə hazırdır. Bu, etimadı möhkəmləndirə və münaqişənin gələcəkdə təkrarlanmayacağına zəmanət verə bilər”, – deyə o qeyd edib.

Birinci vitse-prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistan ilə sülhün bərqərar olması üçün unikal fürsət yarandığına inanır.

E.Əmirbəyov bildirib ki, Ermənistan bu yanaşmanı bölüşmür:

“Belə ki, bu dövlətin siyasi elitasının bəzi nümayəndələri 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində düçar olduqları məğlubiyyətin revanşı kimi münaqişəni bərpa etməyə can atırlar. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ adından Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dörd yüksək səviyyəli görüş təşkil edib, lakin bir neçə ay əvvəl Ermənistan rəsmi Brüsselin danışıqlar prosesində vasitəçiliyini açıq şəkildə rədd edib”.

Birinci vitse-prezidentin köməkçisi Laçın yolu haqqında da danışaraq bu yolda humanitar məqsədlər – tibbi vasitələrin, ərzaq məhsullarının və s. daşınması üçün maneəsiz keçidin təmin edildiyini diqqətə çatdırıb:

“Bizim prinsipial olaraq razılaşa bilmədiyimiz məqam bu yoldan silahların, minaların və hərbi personalın daşınması üçün istifadə edilməsi ilə bağlıdır, çünki bu, prinsipcə, sülh səylərinin fəlsəfəsinə tamamilə ziddir. Lakin son iki ildə ermənilər bu yoldan müxtəlif hərbi məqsədlər – mina və silahların daşınması, eləcə də hələ də Qarabağ ərazisində olan 10 min hərbçinin yerdəyişməsi üçün istifadə ediblər. Ermənistan faktiki olaraq yeni müharibəyə hazırlaşır”.

E.Əmirbəyov Azərbaycanın Ukraynadakı müharibə ilə bağlı mövqeyi haqqında da sualı cavablandıraraq rəsmi Bakının ilk gündən Ukraynanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığına, həmçinin suverenliyinə qeyd-şərtsiz dəstək nümayiş etdirdiyini vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir