İqtisadiyyat

BƏƏ ilə sıx əlaqələr Azərbaycan iqtisadiyyatına nə vəd edir? – AÇIQLAMA + FOTO

Sharing is caring!

Ötən gün Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü baş tutub. Görüş çərçivəsində prezidentlər iki ölkə arasındakı siyasi, ticari, mədəni, təhlükəsizlik əlaqələrini müzakirə ediblər. Hətta iqtisadi sferada əməkdaşlığın daha da gücləndirilməsiylə bağlı fikir mübadiləsi aparıblar. 

İki ölkə arasındakı iqtisadi əlaqələrin miqyası bir çoxlarına, yəqin ki, məlumdur. Məsələdən xəbərdar olmayanlar üçün qeyd edək ki, Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya mövcuddur. İndiyədək səkkiz iclası keçirilən bu komissiyanın sonuncu toplantısı 2021-ci ilin noyabrında Dubayda baş tutub və orada yekun protokol imzalanıb. Həmin protokola əsasən, ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Bundan əlavə, qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qrupların yaradılması, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi də planda var. 

Azərbaycan iqtisadiyyatına BƏƏ tərəfindən indiyədək milyardlarla investisiya yatırılıb. Hazırda ölkəmizdə BƏƏ-yə məxsus sənaye, energetika, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət və sair sahələrdə şirkətlər fəaliyyət göstərir.

Mövzu barədə Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə qeyd edib ki, son zamanlar ölkəmizdə bərpa oluna bilən enerji istehsalı və ixracıyla bağlı çox ciddi addımlar atmaqdayıq:

“Bərpa oluna bilən enerjinin istehsalı və ixracı ilə bağlı olan məsələlərdə Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri olduqca ciddi təcrübəyə malikdirlər. Məhz ötən il Azərbaycanla BƏƏ-nin “Masdar” şirkəti arasında bağlanmış müqaviləyə əsasən, Azərbaycanın Qaradağ rayonunda alternativ enerjinin istehsalıyla bağlı ciddi işlər görülməkdədir. Əgər nəzərə alsaq ki, bərpa edilə bilən enerjinin mənbələrindən biri külək, ikincisi su və üçüncüsü isə Günəş enerjisi ilə bağlıdır, deməli, Azərbaycanın bugünkü coğrafi mövqeyi imkan verir ki, bu sahə Azərbaycanda inkişaf elətdirilsin.

Xəzər dənizinin külək enerjisiylə bağlı verdiyi imkanlar, Azərbaycanın günəşli yay mövsümünün uzun çəkməsi bizə böyük imkan tanıyır. Su məsələsinə gəldikdə isə biz 2020-ci ildə qələbə əldə edib Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdikdən sonra burada əldə etdiyimiz su mənbələri var. Onlar Azərbaycana bərpa oluna bilən enerjilərin istehsalıyla bağlı yeni imkanlar yaradır. Bu nöqteyi-nəzərdən BƏƏ və Azərbaycan arasında bağlanacaq müqavilələr, təbii ki, ölkəmizin iqtisadi gücünü artıracaq”.

Millət vəkili Prezident İlham Əliyevin fərmanı ilə beş milli prioritetin əsas götürülməsindən də söz açıb:

“Həmin prioritetlərə uyğun olaraq, bu gün Azərbaycanın malik olduğu bərpa oluna biləcək enerjinin təxminən 2030-cu ilə qədər 30 faiz artırılması nəzərdə tutulur ki, burada da bizim üçün əsas tərəfdaş BƏƏ-nin iqtisadi strukturlarıdır və bunların içərisində də “Masdar” şirkəti xüsusi yer tutur”.

İqtisadçı vurğulayıb ki, Azərbaycanla BƏƏ-nin bu dərəcədə yaxınlaşması və gələcəkdə iqtisadi sferada müqavilələrin imzalanması hər iki tərəf üçün müsbət iqtisadi dinamikanı özündə ehtiva edir:

“BƏƏ enerji istehsalı nöqteyi-nəzərdən dünyada özünəməxsus bir yer tutur. Azərbaycan isə bu gün Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edir, deməli, müsbət iqtisadi dinamika gözləməliyik. Əvvəldə də qeyd etdiyim kimi, biz 2020-ci ildə İlham Əliyevin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru Ermənistanın işğalından azad etmişik, bizim qarşımızda duran əsas məqsəd bu əraziləri və dağılmış iqtisadiyyatı bərpa etməkdir.

Dağılmış iqtisadiyyatın bərpa edilməsi isə müasir yanaşmanı tələb edir ki, bu müasir yanaşma da innovativ idarəetmənin və innovativ iqtisadiyyatın bu ərazilərə gətirilməsidir. Məhz BƏƏ-də fəaliyyət göstərən şirkətlərin bu sahədə yüksək təcrübələrinin olması isə göstərir ki, Azərbaycan dövləti BƏƏ məxsus şirkətlərlə müqavilələr bağlamaqda və o şirkətlərin həm Qarabağda, həm Şərqi Zəngəzurda bərpa olunacaq iqtisadiyyatın inkişafında yaxından iştirak etməsini təmin etməkdə maraqlıdır”.

Müsahibimiz hazırda BƏƏ-də keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsi tədbirinə də diqqət çəkərək bildirib ki, tədbir BMT-nin rəhbərliyi ilə keçirilir:

“Dünyamız ciddi ekoloji problemlərlə qarşı-qarşıyadır. Neft və qazın istehsalı, satışı iqtisadi dividendlər gətirməklə bərabər, həm də ekoloji mühitin çirklənməsinə və ağırlaşmasına yol açır. Karbon qazının havaya buraxılması ciddi ekoloji problemlərə gətirib çıxarır. Bu nöqteyi-nəzərdən BMT-nin BƏƏ-də təşkil etdiyi bu tədbir bir tərəfdən bərpa oluna biləcək enerji mənbələrindən səmərəli istifadənin təşkilini ehtiva edirsə, digər tərəfdən də ekologiyanın qorunmasıyla bağlı ciddi çağırışları özündə əks etdirir. Azərbaycan dövlətinin burada təmsil olunması, Azərbaycan nümayəndə heyətinin iştirakı, Prezident İlham Əliyevin çıxışı, təbii ki, Azərbaycanın BMT-nin irəli sürdüyü bu ideyalara nə dərəcədə dəstək verdiyini açıq şəkildə göstərir”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir