İqtisadiyyat

“Minimum əməkhaqqı və pensiyalardakı artım ümumi inflyasiya göstəricisindən yüksəkdir” – RƏY + FOTO

Sharing is caring!

“Əgər biz inflyasiyanın qarşısını ala bilmirdiksə, ondan təsirlənən insanlara hansısa bir formada dəstək göstərməliydik. Bu isə hazırda əməkhaqqı və pensiyaların, eyni zamanda ünvanlı sosial yardımın artırılması formasında təzahür edir”.

Bu sözləri mövcud sosial islahatları şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov Oxu.Az-a açıqlamasında deyib. O, 2019-cu ildən 2022-ci ilə qədər altı milyard manat vəsait xərclənərək üç sosial paketin həyata keçirilməsinə diqqət çəkib:

“2023-cü ildən 750 milyon manat vəsait hesabına artıq dördüncü sosial paketin həyata keçirilməsi planlaşdırılır. Birinci hissə olaraq bilavasitə minimum əməkhaqqı və minimum əmək pensiyasının həcminin artırılmasıyla bağlı bir sərəncam da verildi. Nəticədə biz faiz nisbətində əməkhaqqından daha çox, pensiyanın artımını müşahidə etdik. Belə ki, 16,66 faiz əmək pensiyalarının minimum həddi, 15 faiz isə minimum əməkhaqqı qaldırıldı. Bu ildən ehtiyac meyarının 200 manatdan 246 manata qaldırılması isə bilavasitə ünvanlı sosial yardımın artmasına xidmət edəcək”.

Bu artımın inflyasiyanı kompensasiya edib-etməyəcəyinə gəldikdə isə müsahibimiz bildirir ki, burada rəsmi statistikaya müraciət etmək məcburiyyətindəyik:

“Rəsmi statistikaya görə, ümumi inflyasiya 2022-ci ildə 14 faizə yaxın oldu, ərzaq inflyasiyası isə 20 faizdən artıqdır. Yəni hazırkı 15 faizlik artım ümumi inflyasiya göstəricisindən yuxarı, ərzaq inflyasiyası göstəricisindən isə aşağıdır. İnsanlar isə hazırda vəsaitlərinin 55 faizdən artığını məhz ərzaq, spirtli içkilər, tütün məmulatlarına sərf edirlər. Bu baxımdan düşünürəm ki, insanlar üçün əsas məsələ ərzaq inflyasiyasının göstəriciləridir. Çünki ümumi inflyasiya hesablanarkən 500-dən artıq məhsulun artım dinamikası götürülür və orta göstərici çıxarılır. Yəni bu məhsullar içərisində eləsi var ki, biz heç adını eşitməmişik, ya da ildə bir dəfə istifadə edirik. Amma yağı biz hər gün istifadə edirik. Ümumiyyətlə, insanların əsas tələbatı 20-30 adda məhsuladır. Onların qiyməti isə digərləri ilə müqayisədə daha çox artdığı üçün insanlara daha çox təsir edir”. 

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, bəzi ekspertlər minimum əməkhaqqının artırılmasının sahibkarlara ziyan vurduğunu deyirlər, ancaq bu yanaşma doğru deyil:

“Belə şərh olunur ki, minimum əməkhaqqı artanda sahibkarın da sığorta, vergi, istərsə də əməkhaqqı baxımından ödədiyi məbləğlər artacaq. Bu tip yanaşmaları oxuyanda mən, sadəcə, təəssüf hissi keçirirəm. Anlayıram, sahibkarları müdafiə etmək də bizim vəzifəmiz olmalıdır, amma ölkədə sahibkarmı, yoxsa vətəndaşmı daha önəmlidir? Hesab edirəm ki, o tip açıqlamalar doğru deyil”. 

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir