İqtisadiyyat

Transxəzər gerçəkləşə bilərmi?

Sharing is caring!

Pərviz Heydərov yazır…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan – Türkiyə -Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü zamanı çıxışında qeyd etdi ki, artıq, Türkmənistan təbii qazının Qərb bazarlarına nəqli üzərində işə başlamaq vaxtıdır. 

Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev isə ölkəmizin istər hava-dəniz-quru üzrə nəqliyyat, istərsə də bütün digər sahələrdə necə böyük, zəngin və müasir infrastruktur imkanlara sahib olduğunu bir daha nəzərə çatdırdı. Üstəlik, ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyini də xatırlatdı. Həqiqətən də ölkələrimiz arasında ticarət dövriyyəsi və digər iqtisadi əlaqələr durmadan artmaqdadır.

Bütün bunlar təbii ki, Türkmənistana işarə idi və vurğunu da Transxəzər qaz kəməri layihəsi üzərinə gətirmək məqsədi daşıyırdı. Çünki bu gün Azərbaycan-Türkiyə-Türkmənistan arasında əlaqə və münasibətlər elə səviyyədədir ki, yeganə həll olunası məsələ Transxəzər qaz kəməri layihəsidir. Hansı ki, buna əslində ən çox Türkmənistanın ehtiyacı var.

Bu arada ABŞ-nin keçmiş prezidenti Donald Trampın Türkmənistanın bundan əvvəlki prezidenti Qurbanqulu Berdiməhəmmədova cəmi 3 il öncə, 2019-cu ilin yazında yazdığı məktubu yada salsaq yerinə düşər. ABŞ Prezidenti D. Tramp 2019-da Novruz bayramı münasibətilə Türkmənistan Prezidenti Q. Berdiməhəmmədova göndərdiyi təbrik məktubunda yazmışdı ki, Xəzər dənizinin hüquqi statusu artıq, müəyyən edilib və Türkmənistanın öz qazını Qərbə ixrac etmək üçün mövcud imkanlardan istifadə edəcəyinə ümid edir. 
Söhbət, Azərbaycanda olan infrastruktur imkanlardan gedir. Hansı ki, bütün bunlar bilavasitə dövlət başçımız İlham Əliyevin səyi nəticəsində böyük həcmdə investisiya yatırılaraq, illər ərzində qazanılıb.

Bəs sözügedən layihənin gerçəkləşməsinə kim mane olur? Transxəzər reallaşacaqmı? Nəyə görə illərdir adı olub, özü olmayan bu layihə həllini tapmır?

Məsələ bundadır ki, Transxəzər ideyası ilk dəfə 1997-ci ildə Türkiyənin Türkmənistandan qaz almaq istəyi ilə bağlı meydana gəlib. Xatırladım ki, həmin ildə Türkmənistanla Türkiyə arasında qaz alqı-satqısı sazişi imzalandı. Sazişə əsasən, Türkiyə Transxəzər kəməri vasitəsilə 2000-ci ildən etibarən ildə 30 milyard kubmetr qaz almağı öhdəlik götürdü. 1998-ci ilin aprelində isə Türkmənistan prezidenti Saparmurad Niyazovun ABŞ-yə işgüzar səfəri zamanı bu məsələ dövlət başçısı Bill Klinton və vitse-prezident Albert Qor ilə müzakirə olundu.

1999-cu ilin 19 fevralında isə Aşqabadda Transxəzər qaz kəmərinə dair Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında müqavilə imzalandı. Həmin ilin əvvəlindən sözügedən layihə texniki-iqtisadi cəhətdən əsaslandırılmış olduğundan kəməri 28 ay müddətində tikib başa çatdırmaq nəzərdə tutulmuşdu. Azərbaycan və Gürcüstan üzərindən keçəcək yerüstü hissə isə Ərzurumda başa çatmalı idi. Çünki söhbət bilavasitə Türkiyədən getdiyindən, ortada Avropa bazarı və sairəyə aid mövzu yox idi.

Lakin, Rusiya ilə İranın bu işə mənfi yanaşmaları və hətta müvafiq siyasət aparmaları, həmçinin ölkəmizdə də 1999-cu ilin yayında “Şahdəniz” yatağının kəşfi və onun ehtiyatlarının ilkin qiymətləndirilməsi Türkmənistan qazına marağı azaltdı. Beləliklə Türkmənistan arasında müəyyən soyuqluq sezilməyə başlandı ki, bu, özünü ən çox “Dostluq” yatağı üzrə mübahisənin yaranmasında göstərdi. 

Bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşir və sovet dövründə “Aralıq”, SSRİ dağıldıqdan sonra Azərbaycan tərəfindən “Kəpəz”, Türkmənistan tərəfindənsə “Sərdar” adlandırılırdı. Yatağın kəşfi, yerləşdiyi məkan elədir ki, onu birtərəfli qaydada işlətməyə daha çox bizim haqqımız çatırdı. Azərbaycanın sahil xəttindən 140 kilometr məsafədə yerləşməklə bu yataq Xəzərin bizə aid sektorunda ən uzaq və sonuncu yataq sayılır. Hələ SSRİ dövründə – 1989-cu ildə onu kəşf edən də məhz bizim neftçilər olublar. Bu da təbiidir, neft və qazçıxarma sahəsində Azərbaycanda olan imkanlar – mütəxəssislər, infrastruktur və təcrübə Türkmənistanda yox idi və ola da bilməzdi.

Lakin dövlət başçımız İlham Əliyevin böyük səbir nümayiş etdirməsi və hər şeydən öncə ikitərəfli əlaqələrə çox həssas yanaşması nəticəsində “Kəpəz” və “Sərdar” dostlaşaraq, Xəzərdə ilk dəfə olaraq bir yatağın iki dövlət arasında birgə istifadə ənənəsi qoyuldu. Başqa sözlə, Xəzərdə yeni növ əməkdaşlıq perspektivinin əsası qoyuldu.

Transxəzərə digər maneə isə Xəzər dənizinin hüquqi statusu məsələsi sayıla bilərdi ki, bu da 2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən Xəzəryanı ölkələrin V sammitində imzalanan müvafiq Konvensiya ilə dörd il bundan qabaq aradan qalxıb. Belə ki, həmin Konvensiya ilə Orta Asiyadan enerji resurslarının ölkəmiz üzərindən Avropaya daşınması üçün çoxdan perspektiv yaranıb. 

Ümumiyyətlə, Xəzərin statusunun müəyyən edilməsi Azərbaycanın Cənub Qaz Dəhlizi və hətta, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihələrinin əhəmiyyətini birə-beş artırdı. İmzalanan Konvensiyada ən mühüm cəhət o idi ki, Xəzərin su səthinin əsas hissəsi tərəflərin ümumi istifadəsində qalmaqla, dibi və faydalı qazıntılar isə sahil dövlətlər arasında beynəlxalq hüquq normalarına uyğun bölünür. Yəni, Xəzəryanı ölkələr gəmi nəqliyyatı, sualtı boruların çəkilməsi və digər əsas məsələlərdə ümumi razılığa gəlmiş sayılır.

Türkmənistan ilə Azərbaycan böyük enerji resurslarına malikdir. Odur ki, bu, iki ölkənin sıx münasibətdə olması vacib sayılır. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu da təsadüfən qeyd etmədi ki, Xəzərdəki “Dostluq” yatağında da türkmən və azərbaycanlı qardaşlarımızla əməkdaşlığa hazırıq. Ölkəmiz bir sıra regional əhəmiyyətli strateji layihələrin təşəbbüskarı, icraedicisi, həmçinin sahibidir. Bunlar Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz boru kəmərləri, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Hansı ki, adıçəkilən tikililərin hər biri regionun bütün ölkələri üçün çox böyük gəlir gətirmək iqtidarındadır. O cümlədən, Türkmənistan üçün də…

Azərbaycan qazı isə artıq, çoxdan Avropaya axır. “Qoca qitə”nin mavi yanacağa tələbatısa getdikcə, artmaqdadır. Odur ki, əsas diqqət istər-istəməz Transxəzər üzərində –Cənub Qaz Dəhlizinin yol açdığı layihə üzərində cəmləşir. 

Azərbaycan və Avropa İttifaqı Türkmənistan qazının nəqli ilə bağlı təkliflərini çoxdan verib. Yekun qərar Aşqabaddan asılıdır. Həm də onun əslində, hansı bazara – Avropaya, yoxsa Asiyaya üstünlük verməsindən asılıdır.

Azərbaycan regionda alternativlər təklif edən ölkədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir