İqtisadiyyat

Bu gün “Çıraq” platformasından ilk neftin əldə olunmasının 25 ili tamam olur – FOTO

Sharing is caring!

Bu gün “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun hasilata başladığı ilk platformadan – “Çıraq”dan, ilk neftin əldə olunmasının 25 ili tamam olur.

“Report”un AÇG-nin operatoru olan “bp Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, bu mühüm hadisənin rəsmi olaraq qeyd olunması isə Azərbaycanın mərhum prezidenti, ümummilli lider Heydər Əliyevin 1997-ci il oktyabrın 27-də imzaladığı fərmana əsasən, 1997-ci il noyabrın 12-də baş verib.

Xəzər dənizinin Azərbaycan sektorundakı AÇG yataqlarının birgə işlənməsi üçün ölkə tarixində ilk dəfə olaraq bağlanmış Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) çərçivəsində hasilatın başlanması Azərbaycanın yeni müstəqil neft strategiyasının həyata keçməyə başladığını göstərən tarixi bir hadisə idi. AÇG üzrə ilk neftin hələ müqavilə bağlanmamışdan əvvəl SOCAR tərəfindən tikilmiş “Çıraq” platformasından əldə edilməsi də özlüyündə rəmzi bir məna kəsb edirdi. Bu həm də onu bildirirdi ki, AÇG-nin qazandığı bütün uğurların arxasında iki əsas faktor dayanır – etibarlı tərəfdaşlıq və faydalı əməkdaşlıq.

O vaxtdan bəri “Çıraq” platforması ümumilikdə təqribən 766 milyon barel (103 milyon ton) neft hasil edib ki, bu da AÇG-nin ümumi hasilatının təxminən beşdə biri qədərdir. “Çıraq” ilkin olaraq 7 illik istismar üçün planlaşdırılmışdı, lakin peşəkar işçi heyətinin əla iş icrası, yüksək ixtisas bilikləri, texnoloji bacarıqları və qətiyyəti sayəsində bu platforma hələ də AÇG layihəsinin yeni platformaları ilə yanaşı əməyin təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara uyğun, həmçinin yüksək əməliyyat səmərəliliyi və etibarlılıq göstəriciləri ilə istismardadır və hələ uzun illər boyunca da işləyəcək.

AÇG-nin operatoru olan bp şirkəti o vaxtdan bəri bu yataqlarda 5 əlavə hasilat platforması inşa edib və onları təhlükəsiz və etibarlı şəkildə istismar etməkdədir. Bu platformalardan indiyədək ümumilikdə 3,4 milyard bareldən artıq (təqribən 460 milyon ton), “Çıraq”la birlikdə isə 4,2 milyard barel (562 milyon ton) neft hasil edilib ki, bu da ilk növbədə Azərbaycan xalqının və AÇG tərəfdaşlarının, eləcə də regionun mənafeyinə xidmət edib.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədovun sözlərinə görə, “Çıraq” platformasından 1997-ci ilin noyabr ayında ilk neftin əldə edilməsi günü əslində Azərbaycanın yeni neft strategiyasının əməli işdə başlandığının simvolik tarixidir:

“AÇG yatağından hasilat bu platformadan başlanmış və yeni inşa olunmuş daha böyük və daha müasir platformalar istirmara verilənədək, yəni 2005-ci ilədək, yataqdan yeganə hasilat və ixrac mənbəyi olmuşdur. Bu gün də “Çıraq” bizim AÇG-dəki altı hasilat platformasından biridir və hələ uzun müddət belə də olacaq. Fəxr edirik ki, 25 illiyini qeyd edən “Çıraq”da hazırda çalışan 60 bp işçisinin hamısı dünya səviyyəli yerli mütəxəssislərdir və platformanın növbəli işləyən hər iki rəhbəri də Azərbaycan vətəndaşıdır.

AÇG-dən hasil olunmuş neft dünya bazarlarına, əsasən, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə ixrac olunur.

Bu boru kəməri ən mürəkkəb mühəndislik layihəsi olaraq Azərbaycanı birbaşa dünya bazarları ilə bağlayan bir ixrac marşrutu kimi inşa olunub. BTC indiyədək tam təhlükəsiz, etibarlı və ətraf mühitin qorunması tələblərinə uyğun çalışaraq Azərbaycana və bu regiona əhəmiyyətli əlavə faydalar gətirməkdə davam edir. Bu boru kəməri həm də bir strateji obyekt kimi Azərbaycan, Gürcüstan və Türkiyə ilə Qərb arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Bu günədək BTC boru kəməri vasitəsilə Azərbaycandan təqribən 3,9 milyard barel xam neft nəql edilib və bu neft 5 163 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir