İqtisadiyyat

Energetik: “Rəqəmsal idarəetmə ümumi enerji sistemini optimallaşdıracaq”

Sharing is caring!

Azərbaycanda rəqəmsal idarəetmə sisteminin yaradılması ölkədə ümumi enerji sisteminin optimallaşmasına daha ciddi təsir edəcək.

Bunu “Report”a açıqlamasında energetik-alim Tahir Cəfərov Cəbrayıl və Qubadlıda “Azərişıq” ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzlərinin təməlqoymasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu sistemin işə salınması ilə Azərbaycanda təbii qaz istifadəsinə qənaət ediləcək:

“Misal üçün, Azərbaycanda “Şimal” Elektrik Stansiyasını rekonstruksiya etməklə böyük həcmlərdə təbii qazın qənaəti əldə edilib. Bütün bunlara isə daha müasir buxar-qaz turbinlərinə keçməklə nail olunub”.

T. Cəfərov qeyd edib ki, Rəqəmsal İdarəetmə Mərkəzinin əsas üstünlüyü ondan ibarətdir ki, Dördüncü Sənaye İnqilabına uyğun olaraq uzaqdan güc avadanlığının internet vasitəsi ilə idarə edilməsidir:

“Bu Rəqəmsal İdarəetmə Mərkəzi eyni zamanda fikirləşmək qabiliyyətinə malikdir. Burada proqram təminatı o qədər təkmilləşdirilib ki, rəqəmsal sistem özü imkan verir ki, burada intellektual idaretmə aparılsın”.

Ekspert deyir ki, Rəqəmsal İdarəetmə Mərkəzi 100 min kvadrat kilometr sahəsində olan energetika sistemini idarə edə bilər:

“Bura elektrik xətləri, elektrik stansiyalar daxildir. Rəqəmsal idarəetmə sistemi smart-sistemdir, yəni “ağıllı” sistemdir ki, bu da insanlara çox kömək edir. Bura insan müdaxiləsi ancaq nəzarət qaydasında olur”.

Energetik gələcəkdə Azərbaycanda bu gün mövcud olan bütün SCADA sisteminin də intellektual səviyyəyə çatdırılacağını bildirib:

“Yəni bu gün ölkədə mövcud olan bütün 110 kilovolt və daha yuxarı yüksək gərginlikli stansiyalar var, hamısı “Azərenerji” ASC-nin SCADA sistemi idarə edir. Ancaq yaxın gələcəkdə bütün bunlar intellektual səviyyəyə çatdırılmalıdır. Bu gün işğaldan azad olunan ərazilərdə də lokal şəbəkə idarəetmə sistemi yaradılıb. Cəbrayıl və Qubadlı şəhərlərində inşa ediləcək Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyasından qidalanacaq”.

T.Cəfərov vurğulayıb ki, gələcəkdə lokal yerli Qarabağ üzrə Rəqəmsal İdarəetmə Mərkəzi yaradılacaq:

“Burada həm külək, həm günəş, həm də kiçik su elektrik stansiyaları daxil ediləcək. Bu gün əsas gücümüzü alternativ enerji mənbələrinə yönəltməliyik. Çünki, alternativ enerjidə elektrik enerjisinin istehsalında hər kilovat-saat üçün 0,25 kubmetr təbii qaza qənaət etmiş olunur. Milyardlarda kilovat elektrik enerjisi istehsalında isə bu olduqca böyük həcmlərə bərabərdir ki, bu da xeyli həcmdə qazın qənaət edilməsi deməkdir. Bu da ölkədə təbii qaz ixracını artırmaq və yaranmış artıq elektrik enerjisinin istehsalını Gürcüstana, oradan da Türkiyəyə ixrac etmək imkanı verəcək. Hətta Türkiyədən Avropaya da Azərbaycanın istehsal etdiyi elektrik enerjisini ixrac etmək imkanları da mövcuddur”.

Ekspert düşünür ki, yaxın perspektivdə Azərbaycan təbii qaz əvəzinə elektrik enerjisi ixrac etsə, bu daha rentabelli olar:

“Çünki, elektrik enerjisi təbii qazın sonuncu məhsuludur. Burada da ölkəmiz daha çox qazanc əldə edəcək. Bunun üçün də ölkə başçısı Azərbaycanın Avropaya ötürdüyü enerjini 5 dəfə artırmaq imkanların olduğuna aksent edir. Çünki, Azərbaycan artıq bu potensialı yaradıb və yaratmaqda davam edir. Son illər Azərbaycan çoxlu sayda müasir elektrik stansiyalarını işə salıb, yeni güclər yaradıb”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da Qubadlıda “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı yarımstansiya və idarəetmə mərkəzinin təməlini qoyub.

Qubadlı şəhərində inşa ediləcək Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyasından qidalanacaq. Mərkəz Qubadlı şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarə edilməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində müasir dispetçer idarəetmə sistemi və rəqəmsal şəbəkə modeli tətbiq ediləcək.

“Qubadlı şəhər” 35/0,4 kilovoltluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi ilə “Cəbrayıl şəhər” 35/0,4 kilovoltluq yarımstansiya əlaqələndirmə xətləri qurulmaqla, “Hadrut” qovşaq yarımstansiyaları arasında dairəvi təchizat sxemi təmin ediləcək. Eyni zamanda, “Qubadlı şəhər” və “Cəbrayıl şəhər” 35/0,4 kilovoltluq yarımstansiyaları arasında nəzərdə tutulmuş ikidövrəli kabel xəttinin çəkilməsi ilə Qubadlı və Cəbrayıl şəhərlərinin qarşılıqlı enerji mübadiləsi təmin olunacaq.

Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində “Yaşıl Enerji” mənbələrinin qurulması nəzərdə tutulub. Mərkəzin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə işləmək imkanına malik olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir