İqtisadiyyat

Orxan Məmmədov: “Kiçik sahibkarlar məhsullarını geniş auditoriyaya yaymaqda əziyyət çəkirlər”

Sharing is caring!

“Kiçik sahibkarlar bir çox hallarda öz məhsullarını geniş auditoriyaya yaymaqda əziyyət çəkirlər”.

“Report” xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Bakı Bulvarında bu gün start götürən ilin son “KOB Fest” – sərgi-satış yarmarkasında deyib.

Onun sözlərinə görə, bu cür yarmarkaların təşkilinin əsas məqsəd ondan ibarətdir ki, məhz kiçik sahibkarlar öz məhsullarını geniş auditoriyaya göstərə bilsinlər və satış imkanı əldə etsinlər.

“Bu yarmarkada 50-ə yaxın sahibkar öz məhsullarını təqdim edir. 2022-ci ildə 10-a yaxın belə sərgi-satış yarmarkası təşkil edilib. KOBİA bu günə qədər olduğu kimi, bundan sonra da öz alətləri və dəstək mexanizmləri ilə daim kiçik sahibkarların yanında olacaq”,- deyə o qeyd edib.

KOBİA-nın təşkil etdiyi “KOB Fest” sərgi-satış yarmarkası 2 gün davam edəcək və saat 10:00-dan 18:30-a qədər açıq olacaq. Burada mikro və kiçik sahibkarlıq subyektlərinin 800-dən çox çeşiddə məhsul və xidmətləri təqdim ediləcək və satılacaq. Yarmarkada alıcılara əsasən bal, şirniyyat məhsulları, qəhvə, sərinləşdirici içkilər, zəfəran, mürəbbə, əzmələr, sənətkarların və yaradıcı şəxslərin əl işləri, toxuculuq məhsulları, geyimlər, aksesuarlar, dəri və taxtadan suvenirlər, keramika, rəsm əsərləri, kitablar, təhsil və təlim xidmətləri və s. təklif olunur.

“KOB Fest”də həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən suvenir istehsalı müəssisəsində istehsal olunmuş hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri sərgilənir.

Qeyd edək ki, suvenir istehsalı müəssisəsi “Cocuq Mərcanlının İnkişafı” Fondu, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), KOBİA, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə dəstəyi ilə yaradılıb.

Festival çərçivəsində mədəni-əyləncəli proqram da təşkil edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir