Siyasət

Qırğız ekspert: “Hamı bizə təzyiq edir, dözümlüyümüz sınağa çəkilir” – MÜSAHİBƏ

Sharing is caring!

Son günlər Orta Asiyada dövlətlər səviyyəsində “Türk ləhcəsi” ilə çoxlu rəsmi tədbirlər keçirilir. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev də Qırğızıstanda dövlət səfərində olub. Bakı və Bişkek strateji tərəfdaş olduqlarını təsdiqləyib və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişafına yönəlmiş bir sıra sənədlər imzalayıblar.

Oktyabrın 13-də isə Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib. Həmçinin türk dövlətlərinin başçıları arasında çoxlu ikitərəfli görüşlər keçirilib.

Orta Asiyada türk faktorunun rolu artırmı?

Oxu.Az qeyd edilən mövzu ilə əlaqədar və digər suallara cavab tapmaq üçün qırğızıstanlı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Edil Osmonbetova müraciət edib.

“Mən bilavasitə 100-150 il əvvəl olduğu kimi, ötən əsrin 90-cı illərindən regionda yenidən geosiyasi varlığını bərpa edən Türkiyədən başlayacağam. Hazırda isə Ukraynadakı müharibənin regiona böyük təsiri var. Onun üçün də indi bütün ölkələr öz təhlükəsizliyini təmin etmək və proqnozlaşdırılabilən gələcəyə malik olmaq üçün bir növ “çətir”ə çevrilə bilən təşkilatlara, assosiasiyalara can atırlar. İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycana siyasi dəstək verən Türkiyə isə Mərkəzi Asiyada daha da önəmli faktora çevrilib. Bu gün Qırğızıstan-Azərbaycan, Qırğızıstan-Türkiyə təmasları çox dinamik xarakter alıb, söhbət strateji tərəfdaşlıq səviyyəsindən gedir. Çox mühüm xarici amil var, çünki indi yeni sərt dünya güc nizamı formalaşır. Dili və mədəniyyəti yaxın olan ölkələr özlərini gücləndirməyə çalışırlar və buna uyğun olaraq müttəfiqlik əlaqələri də möhkəmlənir. Amma mən Ukraynadakı müharibəyə qayıdacağam: Qafqazın və Mərkəzi Asiyanın gələcəyi bu gün orada həll olunur. Bir çox postsovet dövlətlərinin taleyini müharibənin necə başa çatacağı həll edə bilər”.

– Siz nəyi nəzərdə tutursunuz?

– Əgər Rusiya Ukraynada qarşıya qoyulan məqsədlərə çata bilsə və qalib gələ bilsə, o zaman, məncə, bizim məkanda yeni düzənin formalaşdırılmasına cəhdlər olacaq. Rusiya Federasiyasında 90-cı illərdən bəri Sovet İttifaqının hansısa formada bərpasının zəruriliyindən danışırlar. Bu, Moldova, Gürcüstan, Qazaxıstan, daha sonra isə Mərkəzi Asiya və Qafqazdakı ölkələr üçün ekzistensial təhlükədir. Ukrayna qalib gəlsə, o zaman Rusiya imperiya, hətta böyük regional güc də ola bilməyəcək. Ukrayna artıq tam olaraq, həm mental, həm də fiziki cəhətdən Avropaya çevrilib. Beləliklə, qarşıda bizi yeni dövran gözləyir. Amma indi Mərkəzi Asiya və Cənubi Qafqazın bütün postsovet ölkələri üçün çətin dövrdür. İndi sınağa çəkilmə zamanıdır və biz dözüm nümayiş etdirməliyik. 2022-ci və 2023-cü illər ən kritik illərdir. Hamı bizə təzyiq edir – Rusiya, Çin, şərti “kollektiv Qərb”. Və bizim hamımızın nəqliyyat kommunikasiyalarının şaxələndirilməsinə ehtiyacımız var. Rusiyaya qarşı sanksiyalar Çinin istifadə etdiyi, Monqolustan və Rusiya Federasiyasından keçən şimal marşrutunun fəaliyyətini dayandırmasına səbəb olub. Orada əmtəə dövriyyəsi milyonlarla tona qədər düşür. Və bu vəziyyətdə yeni logistikaya ehtiyac var. Qırğızıstan, Qazaxıstan, Özbəkistandan keçən dəmir yolu marşrutu, Xəzər dənizinə çıxış, daha sonra Bakı – Tbilisi – Qars və Zəngəzur dəhlizi, Qara dənizə çıxış, həmçinin Türkmənistan və Özbəkistandan keçməklə, Fars körfəzinə çıxışa qədər – bütün bu nəqliyyat infrastrukturu hamısı bu, çox vacibdir.

Rusiya indi daha çox Ukrayna ilə məşğuldur və bizim imkanlarımız var. Qloballaşma prosesi gedir, bunu əksi isə regionalizasiyadır.  Biz öz maraqlarını qoruya biləcək ölkələr qrupu formalaşdırmalıyıq. Məsələn, Orta Asiyanın dörd ölkəsi və Azərbaycan ortaq gündəm ərsəyə gətirəndə qlobal oyunçuların bizə nəyisə sırıması çətin olacaq, biz onsuz da özümüzü təmin edən regiona çevriləcəyik, bizim axı hər şeyimiz var!

– Siz Orta Asiyanın dörd ölkəsinin və Azərbaycanın adını çəkdiniz, deyəsən, Tacikistan xaric yalnız türkdilli ölkələri nəzərdə tutursunuz?

– Əgər biz türk dünyasından danışırıqsa, bəli, Tacikistan nəzərdə tutulmur. Tacikistan bizə dil və mədəniyyət baxımından çox da yaxın deyil. Amma gələcəkdə bəlkə də Tacikistana da bu prosesdə iştirak etməyə dəyər.  

– Gəlin təhlükəsizlik məsələsinə toxunaq. Ekspertlərin tez-tez Türk Dövlətləri Təşkilatının öz çevik reaksiya qüvvələri ilə hərbi-siyasi birliyə çevrilməli olduğu və ya çevrilə biləcəyi ilə bağlı bəyanatları fonunda Qırğızıstan öz ərazisində keçirməli olan KTMT-nin “Sarsılmaz Qardaşlıq” təlimlərini təxirə saldı. Bütün bu məqamlar bir-biri ilə əlaqəlidir?

– Çətin ki, burada əlaqə olsun. Biz KTMT ilə başqa səbəblərdən təlim keçirməkdən imtina etdik. Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Tacikistandakı təlimlərinə öz kontingentini göndərməkdən imtina etdi. Bunun türk faktoru ilə heç bir əlaqəsi yoxdur. Bu, KTMT üçün sadəcə aydın bir siqnaldır. Biz Tacikistanın təcavüzü ilə üzləşdik və məlum oldu ki, KTMT-nin iki üzvü müharibə vəziyyətindədir. Ona görə də biz bu təşkilatda islahatların aparılmasını, nizamnamədə dəyişikliklər edilməsini tələb edirik ki, bütün məsələlərin sülh yolu ilə həlli ilə bağlı aydın bənd yazılsın (KTMT üzvləri arasında – red.).

– Bəs sizin, ümumiyyətlə, Türk Dövlətləri Təşkilatında hərbi-siyasi komponent ideyasına münasibətiniz necədir?

– Perspektivdə bu, mümkündür. Amma çətinliklər var. Məsələn, ölkələrimizin coğrafi uzaqlığı. Bundan başqa, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr müxtəlif geosiyasi layihələrdə təmsil olunur. Kimi KTMT-nin və Avrasiya İqtisadi İttifaqının üzvüdür, kimisi bitərəfdir, Türkiyə isə NATO-nun üzvüdür. Odur ki, belə bir sual qoymaq üçün hələ tezdir, lakin gələcəkdə, təkrar edirəm, bu, tamamilə mümkündür. İlk növbədə mədəni, siyasi və qarşılıqlı iqtisadi əlaqələri gücləndirmək, ticarət həcmini artırmaq lazımdır.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir