İdman

“Qarabağ” ev oyunlarını BOS-da keçirəcək?

Sharing is caring!

UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəyi təqdirdə “Qarabağ”ın ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirəcəyi istisna deyil.

Bu barədə “Report”a Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev məlumat verib. O, səbəb kimi tamaşaçı tutumunu göstərib.

Bununla yanaşı, Quliyev mərkəzi arenanın da qitənin bir nömrəli klub turnirinin matçları üçün tam hazır olduğunu söyləyib. Amma direktor bunu da qeyd edib ki, hazırlıq prosesi stadion kimi infrastrukturlu məkanlarda ümumən daim davamlı həyata keçirilən prosesdir:

“Başqa sözlə, bura təbiət amillərindən tutmuş bir sıra texniki-təşkilati tədbirlərə qədər müxtəlif həcmli və operativliyi tələb edən işlər daxildir. Ötən illərdə topladığımız təcrübə bu işlərin öhdəsindən gəlməyə imkan verir”.

Quliyev parkinq məsələsi ilə bağlı problemlərinin qalmadığını da vurğulayıb:

“Biz hər şeydən əvvəl UEFA-nın tələblərini yerinə yetirməyə borcluyuq. Onların bu mərhələlərdə keçiriləcək oyunlar üçün 180 parkinq istəyi müqabilində matç günləri ixtiyarımızda olan 200, 90 və 70 yerlik parkinq məntəqələrinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Artıq Macarıstan “Ferentsvaroş”una qarşı əvvəlki ev oyununda Əhmədbəy Ağaoğlu küçəsində “Çanaqqala” restoranı ilə üzbəüz ADA-nın 200 yerlik dayanacağı ixtiyarımıza verilib”.

Direktor mərkəzi arenada mətbuat nümayəndələri üçün iş şəraitinin də qaydasında olduğunu söyləyib:

“İş şəraiti hər zaman necə olubsa, elə də davam edir. Bəlli qaydalara uyğun olaraq, akkreditasiyaya malik mətbuat nümayəndələri onlar üçün xüsusi ayrılmış mərkəzi hissədəki tribunalarda fəaliyyət göstərirlər. Onların ixtiyarına yüksək sürətli internet xidməti verilir. Bir daha vurğulamaq istərdim ki, bu işlərin icrasına hazırkı mərhələdə UEFA-nın nəzarəti var. Onlardan hələ hər hansı irad eşitməmişik”.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Çexiyada “Viktoriya” ilə üz-üzə gələcək. Bakıda rəqibi ilə qolsuz heç-heçə edən “köhlən atlar” səfərdə qalib gələcəyi təqdirdə, qitənin bir nömrəli klub turnirində qrup mərhələsinə yüksələcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir