İdman

İslamiadanın üçqat mükafatçısı: “Uşaqlara görə belə güləşdim”

Sharing is caring!

“İslamiadada eyni rəqib üzərində ikinci dəfə qələbə qazandım. Rəqib iki dəfə xəbərdarlıq almışdı. Üçüncü xəbərdarlığı da ala bilərdi. Bəlkə də fərdi yarış olduğu üçün bir az zəif çıxış edirdim”.

“Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında V İslam Həmrəyliyi Oyunlarının ikiqat mükafatçısı Elmar Qasımov deyib.

Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında indi məşqçi işləyən Elxan Məmmədova uduzaraq gümüş medal qazanmış Qasımov bu dəfə də finalda uduzub. Bununla belə, 100 kq çəki dərəcəsində çıxış edən cüdoçu komanda yarışında qızıl medala sahib çıxıb. Olimpiya, dünya və üçqat Avropa mükafatçısı komanda yarışında daha çox güc ortaya qoyduğunu bildirib:

“Komanda yarışında çox həyəcanlı idim. Həm də meydan sahibi Türkiyəyə qarşı mübarizə aparırdıq. Onlara dəstəyin çox olması normaldır. Cüdoçularımız cırmaq-cırmaq finala gəldilər və mən də məsuliyyət hiss etdim. Sanki rəqibə xəbərdarlıq vermək istəmirdilər. Buna baxmayaraq, qələbə qazandım. Komanda yarışında özümü çox güclü hiss edirdim. Uşaqlara baxdım və motivasiya aldım, onlara görə belə güləşdim. Bu çıxışım fikirləşdiyimdən daha yaxşı oldu”.

O bildirib ki, İslamiadaya ehtiyat heyətlə gəldiklərindən, komanda yarışında üçüncü olsalar belə, heç kim onları qınamayacaqdı:

“Üçüncü yer də bizim üçün yaxşı nəticə olardı. Rəqib yığmalarda əsas heyət üzvləri çox idi. Amma bütün güclərini ortaya qoydular və bacardıqlarından artığını etdilər. Bu səbəbdən çempion olduq. Türkiyə də ən güclü heyətlə mübarizə aparırdı”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir