İdman

Uşaqların sağlam inkişafında cüdonun rolu: Rüstəm Orucovun jesti, Rafiqin sevinci – FOTO/VİDEO

Sharing is caring!

“Cüdo idman növlərindən biridir. Mən 2019-cu ildən cüdo ilə məşğul oluram. İstəyirəm ki, Rüstəm Orucov kimi çempion olum. Bunun üçün məşq edirəm, çalışıram ki, qızıl medallar qazanım”.

Sosial şəbəkədə qarşıma çıxan 11 yaşlı Rafiqin bu məktubu məni çox təsirləndirmişdi. Azyaşlı idmançı özünə kumir kimi Azərbaycanın ən titullu, ən uğurlu idmançılarından birini seçib və onun kimi olmaq istəyir.

Məktubu görən kimi bunu Rüstəmə yollamaq, gənclərin onu necə örnək aldığını göstərmək istədim. Rüstəm Orucovun sadəliyinə, təvazökarlığına əmin olduğum üçün hansısa pozitiv cavabına ümid edirdim. Niyyətim mənə yazacağı cavab mesajını Rafiqin valideyninə yollamaq, bununla da yeniyetmə idmançıya mənəvi dəstək olmaq idi.

Sözün açığı, məktubun fotosunu Rüstəmə yollayanda ondan alacağım cavabın necə olacağından əmin deyildim. Çox keçmədən mesaj qutuma Rüstəmdən ismarış gəldi. Rafiqə uğurlar arzuladığını yazmışdı. Bu mesaj özü belə olduqca gözəl jest idi. Mən mətni “skrin” edib Rafiqin valideynlərinə yollamaq istəyirdim ki, Rüstəmdən daha bir məktub gəldi. Bu dəfə videomesaj idi…

İlahi, cəmi 13 saniyəlik video ilə bir insanı, bir gənci, yeniyetməni necə xoşbəxt etmək olar ki?! Bəli, cəmi 13 saniyəsini ayıran, video çəkən və bunu öz yeniyetmə pərəstişkarına yollayan Rüstəm Orucov elə onun da gözündə, bu söhbətdən hali olan hər kəsin nəzərində öz şöhrətini, ad-sanını bəlkə də 13 min dəfə artırdı.

Bir müsahibə zamanı Rüstəmdən bu idman növünə necə gəlməsini soruşmuşdum. Uşaq vaxtı enerjisinin çox olduğunu, bu enerjini doğru yöndə inkişaf etdirmək üçün valideynləri tərəfindən cüdoya yönləndirildiyini bildirmişdi. İllər öncə verilmiş bir düzgün qərarla bu gün Azərbaycan idmanı uğurlu bir cüdoçu, Avropa, dünya və Olimpiya mükafatçısı, dəfələrlə müxtəlif Qran-Prilərin, “Böyük Dəbilqə” turnirlərinin qalibi, medalçısı olmuş Rüstəm Orucovu qazandı.

Kiçik yaşlarından başladığı bu yolda Rüstəm təkcə uğurlu idmançı kimi deyil, həm də bir şəxsiyyət, sadə, təvazökar, sevildiyini bilən, sevgisini paylaşan bir insan kimi formalaşdı, kamilləşdi.

Səhv etmirəmsə, bir müsahibəsində atası Rüstəm haqqında demişdi ki, o, kimləsə əl tutub görüşəndə belə o qədər ehtiyatlı davranır, qarşısındakının əlini o qədər yumşaq sıxır ki. Bunu da onunla izah edir ki, birdən bilmərəm, bərk sıxaram, elə düşünər ki, buna bax, idmançıdır, gücünü mənə göstərir.

Bu gün Azərbaycanda cüdoya maraq, diqqət istər dövlət səviyyəsində, istərsə də sadə insanlar arasında olduqca yüksək səviyyədədir. Valideynlər rahatlıqla övladlarını bu idman növünə yazdırır, onların bu yolda irəliləməsi üçün əllərindən gələni edirlər.

Bəs, nədir cüdoya olan marağın, sevginin əsas səbəbi?

Cüdo digər şərq döyüş sənətləri kimi özünəməxsus fəlsəfəyə, yanaşmaya malikdir.

Ancaq digər bəzi idman növlərindən fərqli olaraq burada aqressiya, kin, nifrət, həddindən artıq güc tətbiqinə icazə yoxdur. Əksinə bu idman növünün əsas prinsipi rəqibə sayğı, hörmət, onun gücünü özünə qarşı yönəltmək və bununla qalib gəlməkdir.

Cüdoda bədən və ruh sağlığının inkişafı paralel olaraq ələ alınır. Texniki təlimlər zamanı isə “mərkəzdənqaçma qüvvəsi”, “ling qanunu” kimi fizika qaydaları əsas alınaraq az güclə maksimum fayda əldə etmək üsulları öyrədilir.

Təsadüfi deyil ki, burada əsas hədəf daha yaxşı idmançı yetişdirməkdən ziyadə, daha yaxşı insan, fərd, şəxsiyyət formalaşdırmaqdır. Cüdo qarşılıqlı hörməti vacib bilən, rəqiblərin bir-birilərinə sayğı ilə yanaşmasını aşılayan idmandır. Zamanla bu xüsusiyyətlər formalaşaraq fərdlərə özünə inam, möhkəm intizam qazandırır.

Döyüş sənəti və buna görə də döyüş idman növü olan cüdoda uşaqların dojoda mübarizəsi real həyatdakı çətinliklərə hazırlıqdır. Həyatımızda, cüdoda olduğu kimi, həmişə qalib gələ bilmirik. Beləliklə, yarışa çıxmaq və qaydalar çərçivəsində yarışmaq uşaqlara əzmkarlıq və qətiyyət öyrədir. Ən əsası, həmişə qalib gəlmək vacib deyil, önəmli olan təlimə davam etmək və rəqabət üçün cəsarətin olmasıdır.

Cüdoda xarakter inkişafı həm də döşək üzərinə yıxıldıqdan sonra döyüşü davam etdirmək üçün yenidən ayağa qalxmaq qabiliyyəti ilə formalaşır. Bu, əzm və qətiyyət üçün əvəzsizdir.

Cüdo ilə uşaqlar həm də öz uğurları və ya uğursuzluqları üçün məsuliyyət daşımağı öyrənirlər. Qiymətlərində, yüksəlişlərində və yarışlarında uğur qazanmaq istəyirlərsə, təlimlərə qatılmağı, müəllimlərini dinləməyi, texnikaları öyrənməyi və onları döşəkdə tətbiq etməyi bacarmalıdırlar.

Uşaqların əylənməyi sevdiklərini nəzərə alsaq, onlar yarışlarda qalib gələrək və kəmərlərini inkişaf etdirdikcə bundan çox həzz alırlar. Və zaman keçdikcə onlar öyrənirlər ki, həmyaşıdları tərəfindən müsbət şəkildə qəbul olunmaq və hörmət görmək kubok və medallardan daha vacibdir.

Cüdo uşaqların intizamlı, əxlaqlı, sayğılı, dəqiq, özünəinamlı, güclü və ən əsası əzmli şəxsiyyətlər kimi yetişməsində önəmli rol oynayır. Bununla bərabər, özündə bütün bu müsbət xüsusiyyətləri əks etdirən şəxslər cəmiyyət tərəfindən də nümunəvi şəxs olaraq qəbul edilir, hörmətlə qarşılanırlar.

Elə yazımızın əvvəlində vurğuladığımız Rüstəm Orucov və onun kiçik pərəstişkarı, yeniyetmə cüdoçu Rafiqin nümunəsində olduğu kimi.

Zaur Xudiyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir