İdman

Qurbanovun yetirmələrinin bizə yaşatdığı “qorxunc bir şey…”

Sharing is caring!

“Arzu edək ki, rəqibin bütün topları qapının yanından keçsin…”

Azərbaycan futbolu. İllər-illər öncə… Matçın hansı olması, rəqibin kim olması önəm kəsb etmir. Demək olar ki, hər oyunda şərhçidən eşitdiyimiz ifadə… Azarkeşlərin futbolçulara, onların isə Allaha ümid etdiyi vaxtlar… Yaşıl meydanın bizə dar gəldiyi, rəqib oyunçuların topu bizim qapıdan başqa, istənilən nöqtəyə vurmasına dua etdiyimiz, heç-heçəyə yaxınlaşanda belə sevindiyimiz günlər…

Azərbaycanlı futbol azarkeşlərinin, futbolsevərlərin yaşadığı travma, ürəyi futbolla döyünən insanların düçar olduğu ümidsizlik, əlacsızlıq…

Bizi başqa ölkələrin komandalarının azarkeşi edən, ölkəmizdən kənarda mövcud olan futbolu sevdirən vaxtlar.

Bu durumun vahiməsini, ağırlığını yalnız futbolsevərlər, futbolun sehrinə qapılanlar dərk edə bilərlər. 1990-cı illərin Qarabağ döyüşlərində məğlubiyyətin psixologiyamızda fəsadları nə idisə, Azərbaycan futbolunun durumu da azarkeşləri eyni vəziyyətə məhkum etmişdi, ümidsizliyə qapılmağımız azmış kimi, vəziyyətdən çıxış yolu da görünmürdü…

Ta ki Azərbaycan futbolunu birləşdirən bir dəyər – “Qarabağ” – ortaya çıxana qədər. “Qarabağ”ı əvvəlcə adına görə sevdik, futboldan daha çox, vətənpərvərlik oldu stadionları doldurmağa başlayan. Ancaq getdikcə “Qarabağ” özü də oynadığı oyunla həsrətimizə son qoydu, böyük klublarla baş-başa gələrək qorxularımızı darmadağın etdi, futbol azarkeşlərinin Vətəninə çevrildi.

“Qarabağ” bizi aciz dualardan, rəqibin səhvlərinə sığınmaqdan, ilk saniyədən son anadək oyuna deyil, vaxta baxmaqdan xilas etdi. Acizliyin, ümidsizliyin zəncirlərini qırdı, Azərbaycan azarkeşinə heç də uzaqda olmayan xoş günlərin parıltısını hiss etdirdi.

Artıq stadiona üz tutan, ekran başında izləyən azarkeşin əzilməyən, geri durmayan, çəkinməyən, vuruşan, döyüşən bir “Qarabağ”ı, bir ümidi yarandı.

Ötən gecə baş verənləri, yaşanan hissləri anlamaq, ifadə etmək üçün məhz yuxarıda qeyd olunanları yaşamaq, bilmək lazımdır. Hücumçu mərkəz xətti keçdikdə sevinən, iki-üç toplu məğlubiyyətlərə belə təəssüflənməyəcək şəklə bürünən Azərbaycan azarkeşindən ötən gün gəlib çatdığımız yer ağlasığmaz, inanılmaz, dəhşətvericidir. Nə idi bu hissin adı? Nələr yaşatdı bizə “Qarabağ”?

Tarix – 17 may 2000-ci il… Kopenhagen, “Parken” stadionu.

Qardaş ölkə Türkiyənin “Qalatasaray” komandası dördüncü penalti zərbəsini də yerinə yetirir və tarixdə ilk yaşanır, bir Türkiyə klubu ilk dəfə Avropa arenasını fəth edir, kubok qazanır. Yaşanılmamış və təcrübə edilməmiş bir hiss, bir sevinc dalğası, xaos, dəhşətli bir şey hökm sürür. Şərhçi isə vəziyyəti məhz belə ifadə edir: “Qorxunc bir şey! Qorxunc bir şey!..”

Bax, “Qarabağ”ın bizə ötən gecə yaşatdığı, “Qarabağ”ın ikinci qolunda yaşadığımız həmin o təsviredilməz, ad tapa bilmədiyimiz hissin adı “qorxunc bir şey” idi…

Qurban Qurbanov və futbolçuları məhz bu hissin memarı oldular. Azərbaycan azarkeşi onlar sayəsində uzun illər ərzində addım-addım bu hissə yaxınlaşdı, yaşadı. “Qarabağ”ın hər uğuru azarkeşlərin travmalarının cəlladına çevrildi. II Qarabağ müharibəsinin məhv etdiyi mifləri və sindromları yaşıl meydanda futbolun sadiq azarkeşləri üçün Qurbanovun yetirmələri məhv etdilər.

“Qarabağ”ın Azərbaycan azarkeşi, Azərbaycan xalqı üçün etdiyi daha bir xidməti də sonda xüsusilə vurğulamaq lazımdır. Ötən gün qarşılaşmanın 44-cü dəqiqəsində bütün dünyanın gözü qarşısında “Qarabağ” azarkeşləri “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirdilər. Bütün dünyanın diqqət mərkəzində, “BayArena”da… Bu mövsüm məğlubedilməz olan “Bayer 04”lə, Almaniya Bundesliqasının lideri ilə oyunda… O şüarı həmin arenada səsləndirmək üçün isə iradə və əzm, döyüşmək lazım idi, döyüşərək iribüdcəli komandalara rəqib olmaq, mübarizə və qətiyyət sayəsində həmin arenada oynamağa haqq qazanmaq…

Bütün bunları bizə yaşadan Qurban Qurbanov və “Qarabağ” futbolçularına minnətdarlığımızı ifadə etmək də ən azı ötən gecə yaşadığımız həmin hisslərin ifadəsi qədər çətindir. Ümid edək ki, “Qarabağ” Azərbaycan futbolunun gələcəyinə işıq tutmağa davam edəcək. Böyük bir yol qət edilib, bundan sonra qarşıda duran vəzifə isə yarımçıq qalan möcüzələri reallığa çevirmək, dünya mətbuatının “möcüzənin bir addımlığında” başlıqlarını reallığa çevrilmiş möcüzələrlə əvəz etmək, bir gün həmin möcüzələri uğur sayılmayacaq qədər adiləşdirmək tapşırığı dayanır.

Qalib Azərbaycanın, Azərbaycan xalqının, futbol azarkeşlərinin iftixarına çevrilən “Qarabağ”ın bütün bunları reallığa çevirəcəyinə də inamımız tamdır. Yaşatdığın əvəzolunmaz və heç bir sözlə ifadə edilməyəcək hissə görə təşəkkürlər, “Qarabağ”! Sən Azərbaycan azarkeşinin, futbolsevərlərin Vətənisən!

Orxan Tağıyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir