İdman

“Araz-Naxçıvan”ın futbolçusu: “Hakim də insandır, amma verilməyən qırmızı vərəqə də var idi”

Sharing is caring!


“Məncə, nəticə ədalətli deyildi. Biz daha üstün olduq. Düşünürəm ki, verilməyən qırmızı vərəqə də var idi”.

Bunu “Report”a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov “Sumqayıt”la heç-heçə (1:1) etdikləri Premyer Liqanın XX turunun matçı ilə bağlı danışarkən deyib.

25 yaşlı müdafiəçi rəqibdən hərtərəfli üstün oynadıqlarını söyləyib:

“Hakim də insandır. Amma məncə, oyunda bəzi qərarlar haqlı deyildi. Bizə daha çox sarı vərəqə verildi. Elə epizodlar oldu ki, rəqib də eyni xəbərdarlığı almalıydı. Fikrimcə, hərtərəfli üstün olduq, sadəcə, çox fərqlənə bilmədik. Qolu da öz səhvimizdən buraxdıq”.

Manafov bu gün “Qəbələ”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşü barədə də danışıb:

“Məncə, maraqlı mübarizə olacaq. Rəqib yaxşı kollektivdir. Son iki matçda pis oyun sərgiləmirlər. “Neftçi” ilə çempionat qarşılaşmasında azlıqda qalsalar da, qol vurmağı bacardılar. Bizi ağır duel gözləyir. Oyunlar arasında vaxt azdır. Yorğunluq çox olacaq. Fiziki hazırlığı yüksək olan komanda mərhələ adlayacaq”.

Azərbaycan millisinin üzvü kubokun çempionatdan fərqləndiyini sözlərinə əlavə edib:

“Qəbələ” ötən mövsüm kuboku qazanmağı bacarıb. “Neftçi”, “Qarabağ” və “Sabah” onlardan heyət baxımından üstün olsalar da, məhz bu kollektiv titula sahib çıxıb. “Qırmızı-qaralar” ötən mövsüm daha güclü idi. Amma indi də pis çıxış etmirlər. 90 faiz oyunları yaxşı alınır, amma qol vurmaqda çətinlik çəkirlər. Sıx qrafikə kim dözəcəksə, turu da o keçəcək. Yarımfinala yüksəlmək üçün əlimizdən gələnin ən yaxşısı edəcəyik”.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qəbələ” matçı bu gün saat 16:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir