İdman

AGF-nin baş katibi: “Beş güləşçimizin dünya çempionatının finalına çıxması fenomenal nəticədir” – MÜSAHİBƏ

Sharing is caring!


“2023-cü il Azərbaycan güləşi üçün uğurlu alınıb. Böyüklərdən ibarət yunan-Roma güləşi millisi komanda hesabında dünya, sərbəst güləş yığması isə Avropa çempionu olmağı bacarıb. Eyni zamanda, gənc güləşçilərimiz də mötəbər yarışlarda parlaq nəticələr əldə ediblər”.

Bunu “Report”a müsahibəsində Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Nəsimi Musayev deyib. Baş katibin idmançıların il ərzində göstərdikləri nəticələri dəyərləndiriyi, qarşıda duran məqsədləri açıqladığı müsahibəni təqdim edirik.

– Azərbaycan Güləş Federasiyası üçün 2023-cü ili necə qiymətləndirirsiniz?

– Ümumilikdə bu il də Azərbaycan güləşi üçün məhsuldar keçib. Sərbəst güləş millimiz həm U-23, həm də böyüklər arasında Avropa çempionatında komanda hesabında çempion oldu. Bu növdə gənclər arasında da qitə çempionluğunun qürurunu yaşadıq. Yunan-Roma güləşində Avropada ikinci, dünyada isə ilk dəfə birinci yeri tutduq. 5 güləşçi ilə finalda təmsil olunduq. Yunan-Roma güləşində indiyədək yalnız Rusiya, Türkiyə, İsveç və Polşa dünya çempionatlarında bir yarışda 5 finalçı ilə fərqlənib. Müasir dövrdə güləşdə rəqabətin artdığını nəzərə alsaq, dünya çempionatında 5 finalçımızın olması fenomenal nəticədir. Ümumilikdə bu il beynəlxalq yarışlarda 267 medal qazandıq.

– Güləş daim Azərbaycan idmanının lokomotivi rolunu oynayıb. Necə fikirləşirsiniz, bu imici qoruyub saxlaya bilmisiniz? Gələn il olimpiada ilidir. İdmansevərlərin ən böyük gözləntiləri yenə də güləşlə bağlı olacaq. Güləşçilər növbəti dəfə ümidləri doğrulda biləcəklər?

– Təvazökarlıqdan uzaq olsa da, həqiqəti deməliyəm: bəli. Bunu statistik göstəricilər də deyir. Olimpiya növləri arasında ən çox medal məhz güləşin payına düşür. Başa vurduğumuz ildə keçirilən bütün multi-yarışlarda da bunun şahidi olduq. Həm MDB Oyunlarında, həm Beynəlxalq Universitet İdman Festivalında, həm də Türk Dövlətlərinin Universiadasında ən çox medalı ölkəmizə güləşçilərimiz qazandırdı. Bu il təkcə böyüklər arasında Avropa və dünya çempionatında 7 dəfə himnimiz səslənib. Bu fakt özü hər şeyi deyir.

O ki qaldı Yay Olimpiya Oyunlarına, gözlənti məsuliyyət deməkdir. Biz bu məsuliyyətin fərqindəyik. Müstəqillik dövründə olimpiadalarda ölkəmizə ən çox medalı güləşçilər qazandırıb. Bu ənənəni davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Buna heç kimin şübhəsi olmasın. Təbii ki, bu sahədə Milli Olimpiya Komitəsinin və Gənclər və İdman Nazirliyinin dəstəyini də mütləq qeyd etməliyəm. Hər iki qurum maddi-mənəvi federasiyamızın yanındadır. İstər beynəlxalq yarışlara ezam, istər milli üzvlərinin vitamin təminatı, istərsə də təlim-məşq toplanışlarının keçirilməsi və digər məsələlərdə hər iki dövlət qurumunun dəstəyini yaxından hiss edirik. Hazırda 3 lisenziyamız var. Gələn il təsnifat turnirində lisenziyalarımızın sayını artırmağa çalışacağıq. Bunun üçün əlverişli vəziyyət yaranıb. Belə ki, Avropa Olimpiya Təsnifat turniri Bakıda, Dünya Olimpiya Təsnifat turniri isə İstanbulda keçiriləcək. Bu isə o deməkdir ki, güləşçilərimiz hər iki yarışda böyük azarkeş dəstəyi altında çıxış edəcəklər. Bu da onlara əlavə ruh yüksəkliyi, motivasiya və güc verəcək. Belə də kifayət qədər lisenziya qazana bilərik. Avqustda Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına geniş tərkibdə qatılmaqla tarixi uğurlara imza atmağa çalışacağıq.

– Hacı Əliyev şəxsi “Instagram” səhifəsində ilin idmançısı nominasiyası üzrə ən yaxşılar arasında yer almadığı üçün narazılığını dilə gətirib. Bu barədə nə deyə bilərsiniz?

– Əvvəlcə qeyd edim ki, Hacı Azərbaycan idman tarixinə adını qızıl hərflərlə yazdırıb. 2 qat olimpiya medalçısı, 3 qat dünya çempionu və 4 qat Avropa çempionudur. Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının qalibidir. O, Azərbaycan güləşinin canlı əfsanəsidir. Həm qazandığı uğurlarına, həm məşqlərə məsuliyyətlə yanaşmasına görə gənclərə örnəkdir. Lakin Hacı ilin idmançı nominasiyasında fərqləndirilməməsi ilə bağlı narazılığını sosial şəbəkə vasitəsi ilə bildirməməliydi. Biz bunu doğru hesab etmirik. Ümumiyyətlə, bu tipli nominasiyalar yenicə uğurlar qazanmağa başlayan idmançılar üçün gələcək yarışlara motivasiya rolunu oynayır. İdmançıya qiyməti nə dövlət məmuru, nə federasiya nümayəndəsi, nə də internet istifadəçisi verir. İdmançı öz qiymətini yarış meydanında əldə etdiyi qələbəylə qazanır. Qeyd etmək yerinə düşər ki, güləş Azərbaycanın ən məşhur idman növüdür. Milli idman növü kimi həm federasiyanın əvvəlki, həm də indiki rəhbərliyi dönəmində inkişaf edib, edir və gələcəkdə də edəcək. Bu il böyüklər arasında Avropa və dünya çempionatlarında 7 qızıl medal qazanmışıq. Azərbaycanda heç bir olimpiya idman növündə belə nəticə olmayıb. Yunan-Roma güləşi millimiz tarixdə ilk dəfə dünya çempionu oldu. İlin komandası nominasiyasında yalnız “Qarabağ”dan geri qaldı. Hər halda, unutmayaq ki, “Qarabağ” da bu il böyük uğura imza ataraq, Azərbaycan futbol tarixində ilk dəfə Avroliqada qrup mərhələsini uğurla keçdi və ən güclü 32 komanda sırasına yüksəldi. Gəlin, Hacı Əliyevə Paris Yay Olimpiya Oyunlarında uğur arzulayaq. Qoy bu məsul yarışda özünü yenidən sübut etməklə əsl qiymətini versin. Hacı da başqa idmançılar kimi dövlət qayğısı ilə əhatə olunub. Ümumiyyətlə, Azərbaycanda idmana dövlət dəstəyi yüksək səviyyədədir. İstər güləşçilərimiz, istərsə də məşqçilərimiz ölkə rəhbərliyi səviyyəsində fəxri adlar alıb, orden və medallarla təltif ediliblər. Şəxsən Hacı Əliyev qazandığı uğurlara görə prezident təqaüdü və mənzillə mükafatlandırılıb. Mövzu ilə bağlı son olaraq onu vurğulayım ki, hər bir idman növünün özünəməxsus yarış mexanizmi, beynəlxalq turnirlərin fərqli davamlılıq prinsipi var. Bu isə bütün idman növlərinin vahid mexanizm üzrə qiymətləndirilməsinin tətbiqi zamanı istər-istəməz ədalət prinsipinin pozulmasına səbəb ola bilər. Qiymətləndirməni hazırkı qaydalarla apararaq, 10 ən yaxşı idmançını müəyyən etmək mümkün deyil. Bunun üçün əsaslı arqument isə odur ki, qeyd edildiyi kimi, bu il dünya və Avropa çempionatlarında 7 qızıl medal qazanmış idmançı “ən yaxşı onluq” nominasiyasına daxil ola bilməyib. Növbəti illərdə daha fərqli meyarlar üzrə seçimlər aparıla və bundan əlavə, bəzi nominasiyaları ayırmaqla saylarını artırmaq olar. Çünki hər idman növündə idmançılar eyni sayda yarışlarda iştirak etmirlər. Eyni zamanda, qazanılan uğurların keyfiyyətində və yarışların statuslarında da fərqlər var.

 Azərbaycan Güləş Federasiyasının 2024-cü il üçün hədəfləri nədir? Ümumiyyətlə, ölkəmizdə güləşin kütləviliyi hansı səviyyədədir?

– Növbəti il bizim üçün intensiv keçəcək. Xüsusən də 2024-cü ilin ilk 8 ayı haqqında bunu deyə bilərik. Sözsüz ki, əsas məqsəd Paris Yay Olimpiya Oyunlarında maksimum uğurlu çıxış etməkdir. Prioritetlərimiz sırasında Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin və U-23 Avropa çempionatının yüksək səviyyədə təşkili də yer alıb. Ölkəmizdə dəfələrlə nüfuzlu idman yarışları keçirilib. Qonaqlar hər zaman təşkilatçılıqdan razılıqlarını ifadə ediblər. İnanıram ki, bu xoş ənənə növbəti il də davam edəcək. Bu işdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin dəstəyi də böyük rol oynayacaq. Bu yarışların ölkəmizdə güləşin daha da populyarlaşmasına təkan verəcəyini düşünürəm. Azərbaycanda güləşin kütləviləşməsi baxımından heç bir çətinliklə üzləşmirik. Güləş milli idman növü kimi ölkənin hər guşəsinə yayılıb. Hazırda 12 mindən çox insan güləşlə peşəkar səviyyədə məşğul olur. Təbii ki, biz bu sayı daha da artırmağı hədəfləmişik. Bunun üçün müxtəlif layihələr həyata keçirilir. Xüsusən bölgələrdə güləşin daha da inkişafı, maddi-texniki bazanın təkmilləşdirilməsi, məşqçilərin bilik və bacarıqlarının artırılması, infrastrukturun yaxşılaşdırılması bizim üçün strateji önəm kəsb edir. Ölkədaxili yarışların say artımı da kütləviliyə təkan olacaq. Kəmiyyət artdıqca uğurlarımızın sayı da artacaq. Əminəm ki, Azərbaycan güləşi ölkə idmanının bayraqdarı funksiyasını bundan sonra da uğurla həyata keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir