İdman

Aslan Kərimov: “Qarabağ” ağır oyundan çıxsa da, “Neftçi” bundan istifadə edə bilmədi”

Sharing is caring!


“Düşünürəm ki, ölkə çempionatda bütün daşlar öz yerinə oturmağa başlayır. Bəlkə də “Sabah” və “Qəbələ” hazırda gözlədiyimiz yerdə deyil. “Qarabağ” isə böyük fərqlə qış fasiləsinə yollandı. Bunu aradan qaldırmaq digər komandalar üçün çətin olacaq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov Premyer Liqanın XVII turunun oyunlarını şərh edərkən deyib.

50 yaşlı mütəxəssis “Kəpəz” – “Sumqayıt” (1:1) oyunundakı nəticənin ədalətli olduğunu bildirib:

“Sumqayıt” son turlarda uğurlu çıxışı ilə seçilirdi. O cümlədən “Kəpəz”də baş məşqçi dəyişikliyi olduqdan sonra çempionatda 4 xal qazanıblar. Hesab edirəm ki, hər iki kollektiv layiq olduqları xalı qazandılar”.

A.Kərimov “Səbail” – “Qəbələ” (3:0) matçında qonaqların uğursuz seriyasının davam etməsinin səbəbini ötən mövsüm heyətdə olan futbolçuların komandadan ayrılması ilə əlaqələndirib:

“Qəbələ” nəyisə dəyişməlidir. Komandanın qol vurmaqla bağlı ciddi problemləri var. Həmçinin çox sadə qollar buraxırlar. “Səbail”lə oyunda qırmızı vərəqə matçın taleyini dəyişdi. “Dənizçilər”in hücumameyilli oyunçuları bu görüşdə aktiv mübarizə apardılar. Bu da “qırmızı-qaralar”ın bir oyunçusunun meydandan qovulmasına səbəb oldu. Düşünürəm ki, Şahin Diniyevin komandası bu qarşılaşmada layiqli qələbə qazandı”.

O, “Araz-Naxçıvan” – “Sabah” (2:0) matçında qonaqların məğlubiyyətinin təəccüblü olmadığını söyləyib: “Araz-Naxçıvan” bu görüşdə özünü debütant komanda kimi aparmadı. Yaxşı oyun göstərdilər. Azər Bağırovun kollektivi istənilən rəqibə qarşı çəkinmədən mübarizə aparır. “Sabah” isə mövsümə yaxşı başlamasa da, dövrənin sonlarında toparlanmağa başladı. Lakin son turda yenidən uduzdular. Düşünürəm ki, bu tempdə oynayan komanda asan qollar buraxmamalıdır. Üstəlik, qol vurmaq baxımından əziyyət çəkirlər. Ötən mövsüm 35 dəfə fərqlənmişdilər. Onların 90 faizinə Coy Lens Mikelslə Aleksey Kaşuk imza atmışdı. Murad Musayev bu il hücum xəttində olan futbolçulardan istədiyi performansı ala bilmir”.

Mütəxəssisin sözlərinə görə, “Turan Tovuz” – “Zirə” (1:0) oyununda “qartallar” favorit olsalar da, əllərinə düşən imkanları boşa verdikləri üçün uduzdular:

“Rəşad Sadıqovun komandasının son turlarda qol vurmaq baxımından problem yaşaması bu matçda da özünü göstərdi. Oyunun çox hissəsində qonaqlar üstün oyansalar da, əllərində düşən qol epizodlarından yararlana bilmədilər. Yuxarı yerlər üçün mübarizə aparan kollektivlər bu cür şansları boşa verməməlidirlər. Lakin “Zirə” oyun baxımından geriləməyib”.

Son olaraq, “Qarabağ” – “Neftçi” (2:0) oyunu barədə danışan A. Kərimov Ağdam klubunun qapıçısı Andrey Lunyovun çıxışını xüsusi vurğulayıb: “Rusiyalı qolkiperin inamlı oyunu matçın taleyinə təsir etdi. “Qarabağ” ağır avrokubok oyunundan çıxmışdı. Əslində “Neftçi” bundan istifadə edə bilərdi. Lakin Adrian Mutunun komandası pressinq etmək istəmirdi və daha çox müdafiə futbolu oynayırdı. Buna baxmayaraq, “ağ-qaralar” bir neçə qol şansından yararlana bilmədilər. İlk real qol epizodunu qaçırtdıqdan sonra isə geri çəkildilər. Cinah oyunçuları ikili mübarizələr zamanı zəif çıxış edirdilər. Toral Bayramov, Leandro Andrade və Abdullah Zubir kimi cinahlarda rəqib müdafiəçiləri çox rahatlıqla keçirdilər. Amma biz bunu Bakı klubunun ifasında görmədik. Onlar topu qazanan kimi geridəki komanda yoldaşları ilə oyanırdılar. Qol epizodları baxımından hesab 5:0 da ola bilərdi. Amma “Qarabağ” iki qolla kifayətləndi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir