İdman

Azərbaycan millisinin baş məşqçisi: “Mənim üçün ağırdır, əziyyətin nəticəsini görmək istəyirdik” – FOTO

Sharing is caring!


“Mənim üçün də ağırdır. Üç ilə yaxındır ki, bu kollektivlə birlikdə idim. Sonda çəkdiyimiz əziyyətin nəticəsini görmək istəyirdik”.

Bunu “Report”a açıqlamasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev Lüksemburqda keçirilən Avropa çempionatının seçmə mərhələsinin oyunları barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis əllərindən gələni etməyə çalışdıqlarını bildirib:

“Hər üç oyunda keyfiyyətli futbol oynamışıq. Sadəcə, əlimizə düşən fürsətləri qola çevirə bilmirdik. Hər üç matçda yaxşı şanslarımız oldu. Bosniya və Herseqovina, həmçinin Lüksemburqla qarşılaşmada saysız-hesabsız epizodları qola çevirə bilmədik. Səfərə böyük problemlərlə getmişdik. Heyətin bir neçə üzvü bizimlə yollana bilməmişdi. Onların olmaması böyük itki idi, çıxılmaz vəziyyətə düşmüşdük. Yeni çağırılanların isə uyğunlaşması üçün vaxt lazım idi. Amma vaxtımız olmadı”.

Nəbiyev Bosniya və Herseqovina ilə qolsuz bərabərə qaldıqları görüşdə dominant futbol sərgilədiklərini söyləyib:

“Həmin matçda qələbə qazansaydıq, qrupdan çıxacaqdıq. Bir qol çatmadı. Əlverişli fürsətləri dəyərləndirə bilmədik. İkinci qarşılaşma Niderlanda qarşı idi. 1:2 hesabı ilə uduzsaq da, komandadan razı qaldım. Çünki mübarizə apardılar, xarakter göstərdilər. Şansları qola çevirə bilmədik. Hər üç ölkənin bir neçə futbolçusu Avropanın əsas çempionatlarında top qovurlar. Lüksemburqa qarşı sonuncu görüşdə isə gözləntilərimiz daha çox idi. Çünki iki matç bizə qələbəyə ümid verirdi. Əlimizə düşən 100 faizlik epizodu dəyərləndirə bilmirik, amma rəqib yarım qol şansından istifadə edərək fərqlənir. Qapımıza üç-dörd hücum oldu və bunların ikisi qolla nəticələndi”.

Baş məşqçi səfərə yollanmamışdan əvvəl üzləşdikləri problemlərdən də söz açıb:

“Tam heyətlə getsəydik, qrup lideri də ola bilərdik. Komandanın potensialı böyük idi. Daha dominant və keyfiyyətli oynamışdıq. Bosniya və Herseqovinaya bir qol vursaydıq, qrupda ikinci olacaqdıq. Amma sonuncu yeri tutduq. Bəzi aparıcı müdafiəçilərimiz və vingerlərimiz turnirə gedə bilmədilər. Oyunçularımızın bir neçəsi hərbi xidmətə çağırılıb, digərlərində pasport problemi yaşandı, zədəli futbolçular da var idi. Demək olar ki, 10-11 futbolçu bizimlə deyildi. Həmişə uşaqların inkişaf etməsini istəmişik. Daha yaxşı nəticələr ola bilərdi. Son zərbələrdə bir az sıxıntılarımız var. Bunu da aradan qaldıracaqlar. Bu uşaqlar gələcəkdə əsas milliyə yardımçı olacaqlar. Potensialları böyükdür. Onların itməməsi üçün davam etmək lazımdır. Gələcəkdə ölkə futboluna fayda verəcək simalar olacaqlar”.

Mütəxəssis ilin sonunda müqavilə müddətinin bitməsi barədə də danışıb:

“Necə olacağını bilmirik. Dünən axşam Bakıya qayıtmışıq. Yaxın vaxtlarda federasiya ilə görüşümüz olacaq. Müqaviləmin müddəti ilin sonunda başa çatır. Ondan sonra müzakirə ediləcək və qərar veriləcək”.

Qeyd edək ki, 11-ci qrupda Lüksemburq və Niderlanda 1:2 hesabı ilə uduzan U-19 Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir