Cəmiyyət

İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri olsa da, ölkələrimiz arasında münasibətlər hər zaman səmimi xarakter daşıyıb

Sharing is caring!

20 noyabr 2023-cü il tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir. Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Azərbaycanın Avropa ilə Asiyanın həm coğrafi, həm də mədəni qovuşuq nöqtəsində yerləşməsi onun İslam ölkələri arasında da mühüm siyasi mövqeyə malik olmasına şərait yaradıb. İraq Prezidentinin ölkəmizə səfəri də bu mənada mühüm əhəmiyyət kəsb edirdi. Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri olsa da, ölkələrimiz arasında münasibətlər hər zaman səmimi xarakter daşıyıb. İraq və Azərbaycan  beynəlxalq tribunalarda bütün dövrlərdə həmrəylik nümayiş etdirib, bir-birini qarşılıqlı şəkildə dəstəkləyib. Dövlətimizin başçısı görüş zamanı Ermənistan–Azərbaycan münasibətlərinin hazırki vəziyyəti, ümumiyyətlə, 1990-cı ildən bəri baş verənlər barəsində məlumat verdi. Bu da ondan irəli gəlirdi ki, İraq Prezidenti ölkəmizə səfərini başa vurduqdan sonra Ermənistana səfər edəcəkdi.  Məlumat verildi ki, keçən əsrin 90-cı illərinin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı. Bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi və etnik təmizləmə siyasəti həyata keçirildi. Nəticədə bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması dünya ictimaiyyətinə də bəllidir. Müxtəlif  beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinə baxmayaraq, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən ordusunu çıxarmadı. Nəhayət 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoyuldu  və Azərbaycanın ərazi bütövlüyü təmin edildi.     

Azərbaycanın müharibə istəmədiyini bildirən Prezident İlham Əliyev ölkəmizin regionda sülhün tərəfdarı olduğunu söylədi və dövlət olaraq marionet  imicli Ermənistanı yeni münaqişəyə cəlb edən Fransanın Cənubi Qafqazda destruktiv siyasətindən, regional sabitliyə ciddi təhlükə ola biləcək fəaliyyətindən söhbət açdı. Ölkəmizin başçısının tarixi ədalətə əsaslanan sülhə hazırıq bəyanatı Ermənistana, onun himayədarlarına verilən ciddi mesaj oldu. Məqsədli şəkildə silahlandırılan Ermənistan Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlayacaqsa, bu, onların sonu olacaq. Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Bayrağı  dalğalanır: “Buna baxmayaraq, Qərbin və Avropanın bir sıra ölkələrinin, xüsusilə Fransanın beynəlxalq hüquqa zidd hərəkətləri Cənubi Qafqazda yeni münaqişə ocaqlarının alovlanması ehtimalını yaradır. Fransanın müstəmləkəçi olması artıq beynəlxalq ictimaiyyətə də bəllidir. Afrikadan qovulan Fransa indi də Cənubi Qafqaza göz dikib və çirkin niyyətini Ermənistanı silahlandırmaqla həyata keçirmək istəyir. 

İraq Prezidentinin ölkəmizə səfəri zamanı diqqətçəkən məqamlardan biri də iki ölkə arasında imzalanan sənədlər oldu ki, bunun da gələcək əlaqələrin inkişafına töhfələr verəcəyi şübhəsizdir. Ölkələr arasında birbaşa aviareyslərin təşkil olunması, vizaların verilməsi prosesinin sadələşdirilməsi ilə bağlı müzakirələr, sosial, turizim sahələrində Anlaşma Memorandumunun imzalanması uğurlu əməkdaşlıq üçün geniş imkanlar açacaq. İslam dünyasının tərkib hissəsi olan dövlətlərin həm ittifaqdaxili, həm də ikitərəfli əlaqələrinin inkişafında Azərbaycan əsas  rol oynamaqla özünün beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, Asiya ilə Avropanın əlaqələrinin möhkəmlənməsində də mühüm faktora çevrilir.

Təbriz İsmayılov,

Salyan rayonu Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir