İdman

AFFA Məşqçilər Komitəsinin üzvü: “U-21 millimizdə qələbə ruhu formalaşıb”

Sharing is caring!


“Məşq göstərir ki, U-21 millimizdə qələbə ruhu formalaşıb”.

Bunu “Report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Ukraynaya qarşı keçirəcəyi AVRO-2025-in seçmə mərhələ oyununa hazırlığı barədə danışarkən deyib.

Hazırda İspaniyada U-21 yığması ilə birgə olan 76 yaşlı mütəxəssisin fikrincə, komandanın yeganə problemi heyətdəki çatışmazlıqdır:

“Komanda uzaq yol qət edərək İspaniyaya gəlib. Bakıdan İstanbula, oradan Valensiyaya uçduq. Valensiyadan isə Mursiyaya avtobusla 200 km yol gəlmişik. Buna baxmayaraq, kollektivdə əhvali-ruhiyyə yaxşıdır, futbolçular istəklidirlər. Bir neçə gün əvvəl yoxlama görüşündə Latviyanı (1:0) məğlub etdiyimizdən, uşaqlarda ruh yüksəkliyi hökm sürür. Təəssüf ki, heyətdə çatışmazlıqlar var. Nəriman Axundzadə və Cəlal Hüseynov da düşərgəyə yeni qoşulublar”.

A.Mircavadov rəqibin güclü olmasına baxmayaraq, komandaya güvəndiyini bildirib:

“Ukrayna qrupun lideridir, bir neçə gün əvvəl də İspaniyada Lüksemburqu böyük hesabla (4:0) məğlub edib. Baş məşqçiləri ispandır. Bununla belə, uşaqların yaxşı çıxış edəcəklərinə inanıram. Yorğun olsalar da, hərəkətlidirlər. Bu uşaqların bəziləri bir ildən sonra əsas millidə olacaqlar. Onlarla hər dəfə söhbətdə üzərlərində çox işləmək lazım olduğunu deyirəm”.

Qeyd edək ki, bu gün Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçiriləcək Ukrayna – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Hazırda Ukrayna 12 xalla qrupa liderlik edir. Hesabında 3 xal olan Azərbaycan millisi isə 4-cü pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir