İdman

Azərbaycan millisinin məşqçisi 28:136 hesablı məğlubiyyətdən sonra: “Yaxşı başlanğıcdır”

Sharing is caring!


“Belə güclü komandaya qarşı 20-25 dəqiqə 15-16 yaşlı uşaqlarla oynadıq”.

Bunu “Report”a açıqlamasında qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya AVRO-2025-in seçmə mərhələsində Belçikaya 28:136 hesabı ilə uduzduqları oyunla bağlı danışarkən deyib.

Türkiyəli mütəxəssis həmin görüşdə istədiklərinin heç birinin gerçəkləşmədiyini və aparıcı oyunçularının zədə səbəbindən sonadək mübarizə apara bilmədiklərini vurğulayıb:

“İlk periodda hücum cəhdlərinin 10 faizini reallaşdıra bildik. Sonra oyunçumuz Brianna Freyzer ayaq biləyindən zədə aldı və matça davam edə bilmədi. Bunun ardından rəqibin sərt oyunu nəticəsində Alexandra Mollenhauer də sıradan çıxdı. Nəticədə belə fərq yarandı. Baş verənlər bizə gələcəkdə nə edə biləcəyimizi öyrətdi. Qarşıdakı dönəmdə daha yaxşı və güclü komanda qurmaq istəyirik. Amma qadın basketbolu başlanğıc səviyyəsindədir. Nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik”.

Evren Alkaya Litvaya 62:99 hesabı ilə yenildikləri ilk matça da toxunub:

“Bu qarşılaşma zamanı komandada hər kəs sağlam idi. Heyətdə zədəli basketbolçu yox idi. Əlimizdən gələni etməyə çalışdıq. Təcrübəsiz kollektiv olduğumuz üçün çox səhvlər etdik. Amma ilk iki hissədə başabaş mübarizə apara bildik, adi səhvlərdən sonra hesabda geri düşdük. 3-4-cü periodda isə komanda yoruldu. Gənc oyunçularımız da bu səviyyəyə hazır olmadıqları üçün istədiyimiz nəticəni qazana bilmədik. Amma hər kəs bu görüşdə böyük fərq olacağını gözləyirdi. Çünki Azərbaycanın qadın basketbolu, demək olar ki, son 10 ildə beynəlxalq arenaya çıxmayıb”.

Baş məşqçi oktyabrın 15-də bu vəzifəyə təyinat aldığını xatırladıb:

“Həmin vaxtdan komandanı formalaşdırmağa çalışdıq. Yalnız iki basketbolçumuz Avropada çıxış edir. Alexandra Mollenhauer İspaniyada “Estudiantes”, Brianna Freyzer isə Polşada “Polkovitse”nin şərəfini qoruyur. Digər bütün oyunçuların müntəzəm olaraq basketbolun içində olduqlarını deyə bilmərəm. Sadəcə, U-16 komandamızda olanlar daim məşqlər edirlər. U-16 yığmamız da C Divizionu səviyyəsindədir. Yavaş-yavaş yuxarı qalxmağa çalışırıq. Komandanı ölkəmizdəki qadın basketbolunun imkanları ilə formalaşdırdıq. Çox səviyyəli turnirdə çıxış edirik. Bizim buraya qədər çox yolumuzun olduğunu düşünürük. Amma bu yarışlara qatılanda harada olduğunu və gələcəklə bağlı hansı planlar qura biləcəyini görürsən. Bu qədər güclü yığmaların Azərbaycana gəlməsi, bizim basketbol ölkələrinin komandaları ilə mübarizəyə qoşulmağımız yaxşı başlanğıcdır”.

Qeyd edək ki, Belçika millisi son Avropa çempionatının qalibidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir