İdman

Bəxtiyar Musayev: “Milli komandada illər boşa verildi”

Sharing is caring!


“Təəssüflər olsun ki, bu il də milli komandamız üzümüzü güldürmədi. Nə nəticələrlə, nə göstərdiyi oyunla. Mən dəfələrlə milli komandadan danışmışam. Təəssüf ki, yaxşı sözlər deyə bilmirəm”.

Bu sözləri qol.az-a açıqlamasında futbol mütəxəssisi Bəxtiyar Musayev deyib.

Azərbaycan millisinin sabiq üzvü yığmada potensialın olduğunu, ancaq baş məşqçi De Byazinin işinin öhdəsindən gələ bilmədiyini qeyd edib:

“İllər öncə də demişdim ki, bu cür baş məşqçi ilə komanda heç bir nailiyyət əldə edə bilməyəcək. Heyif ki, dediklərim doğru çıxır. İstərdim yanılım, amma təəssüf ki, nəticələr və oyunlar istədiyimiz səviyyədə deyil”.

B.Musayev qeyd edib ki, millimizdə dəyişikliklər olmalıdır, boşuna vaxt itirməməliyik:

“De Byazi haqqında çox danışmışam. Təəssüf ki, illər boşa verildi. Millətlər Liqasında nəticə əldə edə bilərdik. Birinci pillədə qərarlaşmaq imkanımız vardı. Çünki rəqiblərimiz güclü deyildi. Slovakiya əsas rəqib göstərilsə də, gördük ki, onlarda nəsil dəyişməsi gedir. Slovakiyanın bəlkə də tarix ərzində ən zəif yığması idi. Bundan istifadə edə bilmədik, amma Qazaxıstan millisi bundan yararlandı və birinci pilləyə nail oldu. Təəssüf ki, keçən ilki millətlər liqasını boşa verdik, bu il də nəticələr və oyun xoş deyil.

Dəfələrlə demişəm ki, De Byazi bitmiş məşqçidir. Onunla müqavilə isə təəssüf ki, uzadıldı. Nəticə də göz qabağındadır. Onun yerinə hər hansı azərbaycanlı məşqçi həm oyun, həm nəticə baxımından daha çox şeyə nail ola bilərdi. Millimizin formalaşmış bir komanda kimi oyununu izləyə bilərdik”.

Qeyd edək ki, bu həftə Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində son iki oyununu keçirəcək. Bu oyunlardan sonra baş məşqçi Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsi başa çatacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir