Sənaye və energetika

Avropanı qazla təmin edən “Şahdəniz”ə nə qədər vəsait xərclənib?

Sharing is caring!

2020-ci ildə “Şahdəniz” yatağının “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından ümumi 18,1 milyard standart kubmetr qaz və 3,6 milyon ton (29 milyon barel) kondensat hasil edilib.

“BP Azərbaycan”dan verilən məlumata əsasən, “Şahdəniz” yatağından ilk hasilat başlandığı vaxtdan ümumilikdə təqribən 135 milyard kubmetr qaz və 32 milyon ton kondensat əldə edilib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

Ötən il ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 1 milyard dollardan artıq əməliyyat xərcləri və 942 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Ötən ilin əhəmiyyətli hadisələrindən biri kimi, 31 dekabrda “Şahdəniz” yatağından ilk dəfə olaraq Avropaya Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə kommersiya məqsədli qaz nəqlinə başlanılıb.

3 500 kilometr uzunluğunda olan CQD “Şahdəniz” yatağından Avropa bazarlarına qaz nəqlinin təmin edir. 

Bu mühüm nailiyyət nəticəsində “Şahdəniz” Avropanın enerji bazarını şaxələndirəcək və onun enerji təhlükəsizliyini gücləndirəcək yeni enerji təchizatı mənbəyinə çevrilib.

Qeyd edək ki, il ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün Bakı-Tbilisi-Ceyhan kəmərinin fəaliyyəti üçün qaz çatdırılıb. 

“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), TPAO (19 faiz), AzŞD (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz), PETRONAS (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir