İdman

Azərbaycan Minifutbol Federasiyasının baş katibi: “Qazandığımız uğuru qəbul edə bilmirik”

Sharing is caring!


“Millimiz ilk dəfə dünya çempionatına qatılırdı. Debütdə, 32 komanda arasında dördüncü olmaq yaxşı nəticədir, ciddi uğurdur”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov yığmanın Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatındakı çıxışı ilə bağlı danışarkən deyib.

Funksioner millinin daha əvvəl yalnız iki böyük turnirdə – Avropa çempionatlarında mübarizə apardığını xatırladıb:

“Sadəcə, qitə çempionluğunun yaratdığı inam hissi, beynəlxalq federasiya rəsmilərinin və digər komandaların yığmamıza yanaşması, beş favorit sırasında göstərilməyimiz ambisiyalarımızı artırmışdı. Çempionluq uğrunda mübarizə aparırdıq, bu səbəbdən qazandığımız uğuru qəbul edə bilmirik. Soyuq başla düşündükdə yaxşı nəticəyə imza atdığımızı deyə bilərik. Əminəm ki, millimiz bundan da yaxşı nəticə qazana bilərdi. Komanda buna da qadir idi”.

Hüseynov Qazaxıstan ilə yarımfinal oyununda bir neçə səhvin həlledici olduğunu söyləyib:

“Kimin hansı epizodda səhv etdiyini demək istəmirəm. Qazaxıstan kimi kollektivə qarşı bu mərhələdə belə səhvlər yolverilməz idi. Onlar da bundan maksimum istifadə etdilər. Yaxaladığımız fürsətləri dəyərləndirə bilsəydik, rəqib oyunda dönüş edə bilməyəcəkdi”.

Baş katib Macarıstana uduzduqları üçüncü yer uğrunda görüş haqqında da fikirlərini bölüşüb:

“Yarımfinal qarşılaşmasını futbolçulara unutdurmaq istəyirdik. Amma matça maksimum köklənə bilmədik. Macarlar bürünc medalı daha çox istədilər. Bu, yığmamızın yarışdakı ən zəif oyunu idi. Psixoloji amil rol oynadı. Medal qazanmağı çox istəyirdik. Növbəti dəfə qızıl medalları əldə edəcəyimizə inanıram. Avropa çempionatı 2024-cü ilin iyununda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq. Artıq Azərbaycan çempionatının startına hazırlaşırıq. Rəqabətli turnir təşkil edib millini bu qitə yarışına hazırlamaq üçün yaxşı zəmin yaratmaq niyyətindəyik. İnanıram ki, altı-yeddi aydan sonra millimiz növbəti mötəbər turnirdə daha yaxşı nəticə qazanacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir