İdman

Hidayət Heydərov: “Paris olimpiadasına qızıl medal üçün gedəcəyəm” – MÜSAHİBƏ

Sharing is caring!


“Bir yolum var, o da Yay Olimpiya Oyunlarından Vətənə qızıl medalla qayıtmaq”.

Bunu “Report”a müsahibəsi zamanı Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.

73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü dəfə qitə çempionu olmasından danışıb. 2017 və 2022-ci illərdə də eyni uğura imza atan Heydərov 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarındakı hədəflərindən də söz açıb.

Həmin müsahibəni təqdim edirik:

– Fransada qızıl medal qazandınız. Sizi bu münasibətlə təbrik edirik. Təəssüratlarınız necədir?

– Çox sağ olun. Növbəti dəfə çempion olmaq gözəl hissdir. Artıq üçüncü dəfə bunu bacarmışam. Titulu qoruyub saxlamağa çalışacağam.

– Belə yarışlarda ardıcıl qızıl medallar əldə etmək çətindir. Turnirdən əvvəl çempion olacağınıza inanırdınızmı?

– Bütün yarışlara çempion olmaq üçün gedirəm. Başqa heç nə fikirləşmirəm. Proqram və intizam düzgün olandan sonra qızıl medala inam daha da artır.

– Qitə miqyasında üçüncü dəfə qalib olmaqla Elçin İsmayılovun rekordunu (2000, 2001, 2005) təkrarladınız. Onun nailiyyətini üstələmək hədəfiniz var?

– Hansısa rekordu qırmaq hədəfi müəyyənləşdirməmişəm. Sadəcə, yeganə məqsədim çıxdığım bütün yarışlarda qələbə qazanmaqdır.

– Orxan Səfərov, Rüstəm Orucov və Məmmədli Mehdiyev kimi cüdoçuların karyerasını bitirməsindən sonra bütün diqqətin sizdə olması narahatlıq yaratmır? Bu təzyiqə hazırsınız?

– Mənim üçün heç nəyin fərqi yoxdur. Bir yolum var, o da Yay Olimpiya Oyunlarından Vətənə qızıl medalla qayıtmaq. Hazırda üzərimdə heç bir təzyiq hiss etmirəm.

– Paris-2024-də qızıl medal gözləntisi olan 2-3 idmançıdan birisiniz. Debüt olimpiadanızda bunu bacara biləcəksiniz?

– Bu, cüdodur. Hər şey ola bilər. Təbii ki, mən də olimpiadaya qızıl medal üçün gedəcəyəm.

– Cüdo millisi Parisdə neçə mükafat əldə edə bilər?

– Hazırda heç nə deyə bilmərəm. Bunu zaman göstərəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir