İdman

Azərbaycan minifutbol millisinin debütantı: “İnanıram ki, tarix yazmağa davam edəcəyik”

Sharing is caring!


“İnanıram ki, finala adlamaqla tarix yazmağa davam edəcəyik”.

Bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Eşqin Tağıyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında Qazaxıstana qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

O, azarkeş dəstəyi sayəsində uğurlu çıxışın davamını gətirəcəklərini düşünür:

“Qazaxıstanla matça həm fiziki, həm də psixoloji cəhətdən çox yaxşı hazırlaşmışıq. Xalqımıza demək istəyirəm ki, bizi sona qədər dəstəkləsinlər. Onların bizə verdiyi dəstəyi hər gün hiss edirik və bu, komandamıza əlavə güc qatır. Belə davam etsinlər. Biz də onları sevindirəcəyik”.

28 yaşlı futbolçu 1/4 finalda Bolqarıstan üzərində 3:1 hesablı qələbəyə layiq oyun sərgilədiklərini düşünür:

“Bolqarıstan önündə çox üstün futbol sərgilədik. Onlar son Avropa çempionatının bürünc medalçılarıdır. Bütün oyunlara ciddi hazırlaşırıq, məşqçinin tapşırıqlarını maksimum yerinə yetiririk və bunun bəhrəsini görürük”.

E.Tağıyev qolunda ciddi zədə olmasına baxmayaraq, sona qədər döyüşəcəyini söyləyib:

“Millidə debütant olduğum üçün ilk dəfədir belə mötəbər turnirdə iştirak edirəm. Buna baxmayaraq, özümü çox yaxşı hiss edirəm. Düzdür, qolumda ciddi zədə var. İki yerdən qoluma tikiş qoyulub. Ancaq bu, oyunuma mane olmur. Nə olur-olsun, sona qədər mübarizə aparacağam”.

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir