İdman

Vüqar Hüseynov: “Atçılıq Azərbaycanda çox böyük ənənələri olan sahədir”

Sharing is caring!


“Atçılıq Azərbaycanda çox böyük ənənələri olan sahədir”.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına və ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq Milli Atçılıq Festivalından əvvəl mətbuat konfransında deyib.

O, nazirlik olaraq tədbirə dəstək verməkdən qürur duyduqlarını bildirib:

“Azərbaycanda heyvandarlığın əsas istiqamətlərindən biri də atçılıqdır. Ölkəmiz bütün dünyada iki cins atı ilə məşhurdur. Hər ikisinin yetişdirilməsində ciddi dövlət dəstəyi hiss olunur. Nəticədə hər iki cins at öz itmiş şöhrətini geri qaytarmaqdadır. Bu atlar dözümlülüyü və davranışı ilə seçilir. Onların həm ölkə daxilində, həm də xaricində tanıdılmasında bu cür beynəlxalq tədbirlər böyük rol oynayır. Biz Kənd Təsərrüfatı Nazirliyi olaraq, damazlıq cinsin yetişdirilməsi üzrə fəaliyyət göstəririk. Amma Azərbaycan Respublikası Atçılıq Federasiyası idman atlarının yetişdirilməsində böyük işlər görür. Bu da atlarımızın tanıdılmasına töhfə verir. Hesab edirik ki, gözlədiyimizdən daha yaxşı bir tədbir olacaq”.

Qeyd edək ki, festival və dünya çempionatı noyabrın 5-8-də baş tutacaq. Turnirdə Azərbaycan, Mərakeş, Qazaxıstan, Polşa, Türkiyə və Özbəkistan kollektivləri mübarizə aparacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir