Cəmiyyət

“Məhkəmələrə qarşı ictimai təzyiq mühiti formalaşdırmaq yolverilməzdir” – RƏY + FOTO

Sharing is caring!


Bəzi hallarda kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ayrı-ayrı məhkəmə qərarlarının müzakirəyə çıxarılmasının şahidi oluruq. Belə ki, məhkəmə qərarının obyektiv və ədalətli olmadığı iddia edilir, hakimlərə qarşı ittihamlar səsləndirilir. Hətta əvvəllər bəraət hökmlərinin az olmasına görə tənqid olunan məhkəmə hakimiyyəti artıq çıxarılan bəraət qərarlarına görə də tənqidə tuş gəlir. Səslənən fikirlər bəzən tənqid həddini aşaraq təhqir səviyyəsinə keçir. Bu cür yanaşmalar hakimlərin şərəf və ləyaqətini alçaltmaqla yanaşı, cəmiyyətdə məhkəmə hakimiyyətinə olan inamın zədələnməsinə səbəb olur.

Mövzu ilə bağlı e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib ki, məhkəmənin yekun qərarı qüvvəyə minmədən bu barədə müzakirələr aparmaq, məhkəmə ətrafında ictimai təzyiq mühiti formalaşdırmaq yolverilməzdir.

Deputat bildirib ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 9-cu maddəsinə əsasən, hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur:

“Düzdür, Azərbaycanda kimsə məhkəmələrin iradəsinə təsir edə bilməz, amma çox təəssüf ki, bu gün sosial mediada və antimilli dairələrin muzdlu mediasında “fikir və söz azadlığı”, habelə “məlumat azadlığı” adı altında məhkəmə fəaliyyətinə müdaxilə və təzyiq cəhdləri artmaqdadır”.

B.Məhərrəmov deyib ki, məhkəmə qərarından narazı olan şəxs bunu sosial mediada müzakirəyə çıxarmaq əvəzinə, yuxarı instansiya məhkəmələrinə müraciət etməlidir:

“Məhkəmə elə bir strukturdur ki, hər bir iş üzrə udan, uduzan tərəflər var, qərardan bir nəfər razı varsa, azı bir nəfər narazı olur. Şou naminə haqsız narazılıq edənləri dinləməklə yanaşı, insafla davranıb ədalətli və qalib tərəflərə də söz haqqı tanınmalıdır. Məhkəmə ədalətinə yalnız uduzan tərəfin rakursundan baxmaq olmaz. İkincisi, məhkəmə qərarından narazılıq varsa, bu hissin ifadə yeri media, yaxud sosial media deyil, yuxarı instansiyadır. Bu gün qaragüruh “ictimai nəzarətlə” sanki vətəndaşı məhkəmədən qoruyurmuş kimi bir fon yaradır, amma bu, yersiz özfəaliyyətdir. Məhkəmə özü haqqı bərpa edən orqandır, cinayət-prosessual qanunvericiliyi də ona yönəlib ki, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, hüquq və azadlıqların digər məhdudiyyətlərinə məruz qalmasın.

Bu mənada, heç bir siyasiləşmiş “ictimai nəzarət” işlək qanunlardan daha effektiv ola bilməz. Əgər kimsə məhkəmə qərarı ilə razılaşmırsa, qanunla müəyyən edilmiş müddətdə və formada apellyasiya, kassasiya şikayəti verə bilər. Hətta beynəlxalq məhkəmələrə rahat müraciət mexanizmləri var. Ədalət məhkəmə zalında bərpa olunur, siyasiləşmiş, məqsədli sosial media səhifələrində yox. Ümumiyyətlə, məhkəmənin yekun qərarı qüvvəyə minmədən bu barədə müzakirələr aparmaq, məhkəmə ətrafında ictimai təzyiq mühiti formalaşdırmaq yolverilməzdir. Hakim ictimai təzyiqin təsiri altında yox, qanunlara, daxili inamına əsaslanıb ədalət mühakiməsini həyata keçirir. Amma təəssüf ki, bu gün qərəzli medianın, ayrı-ayrı siyasi qrupların, siyasiləşmiş sosial media vəkillərinin məhkəmə işləri, xüsusən cinayət təqibi üzərində ictimai mühakimə qurması, məhkəmə üzərində linç kampaniyası aparması adi hala çevrilib. Baxmayaraq ki, CPM-in 25.5-ci maddəsində açıq formada ifadə olunur ki, heç kəsin ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə etməyə, hakimlərdən onların icraatlarında olan işlərlə bağlı izahat tələb etməyə hüququ yoxdur. Bu qanunu görməzdən gələnlərə media və sosial media səhifələrində qanunçuluqdan danışmağa imkan verilməməlidir”.

Vəkil İlhamə Həsənova da hakimlərə qarşı əsassız ittihamların səsləndirilməsinin yolverilməz olduğunu deyib:

“Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Ona görə də hər kəs bu hüququndan istifadə edə bilər. Vətəndaşın hüququ var ki, özü barəsindən çıxarılmış məhkəmə qərarını müzakirə etsin. Lakin məhkəmənin və hakimin adı konkret olaraq göstərilməklə həmin qərarların müzakirəsi yolverilməzdir. Burada vətəndaşlar ifadə azadlığına istinad edə bilərlər, lakin belə bir tezis var ki, hər kəsin hüququnun sərhədi başqasının hüququnun başlandığı yerdə bitir. Nəzərinizə çatdırım ki, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində də fikir və söz azadlığı azadlıqlarının məhdudiyyətlərə və ya sanksiyalara məruz qala biləcəyi hallar müəyyən olunub ki, onlardan biri də ədalət mühakiməsinin nüfuz və qərəzsizliyinin təmin edilməsi ilə bağlıdır”.

Vəkil hesab edir ki, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən məlumatların yayılması ilə bağlı məsuliyyətin nəzərdə tutulması yaxşı olardı:

“Bəzən olur ki, hansısa məhkəmə, yaxud bütövlükdə məhkəmə hakimiyyəti hədəfə alınır. Yazırlar ki, filan məhkəmədə rüşvətxorluq baş alıb gedir, bu məhkəmənin hakimləri rüşvətxordur və s. Yəni artıq burada söhbət konkret hakimdən getmir, bütövlükdə məhkəmələrə yönəlir. Bu, düzgün deyil”.

İ.Həsənova son zamanlar məhkəmələr tərəfindən çıxarılan bəraət hökmlərinin sayının artmasını da müsbət qiymətləndirib:

“Bəraət qərarlarının artması yaxşı tendensiyadır. Bəraət o halda verilir ki, irəli sürülən ittiham məhkəmədə sübuta yetirilmir. İttihamın məhkəmədə sübuta yetirilməməsi isə hər bir işin konkret hallarından asılıdır. Yəni bir maddə ilə kiminsə bəraət alması o demək deyil ki, eyni əməli törətmiş digər şəxslər də mütləq bəraət ala bilərlər. Bu, heç kimdə arxayınlıq yaratmamalıdır. Tutaq, mən Cinayət Məcəlləsinin bir maddəsi ilə ittiham olunuram, başqa bir şəxs də eyni maddə ilə ittiham olunur. Mənim məhkəmə işimdə ittiham tərəfinin sübutları mötəbər sübut olmur və təqsirim sübuta yetirilmir, ona görə də mənə bəraət verilir. Amma digər şəxsin təqsiri sübuta yetirilir və ona müvafiq cəza təyin olunur. Yəni bu məsələlərdə sübutlar mühüm rol oyanır”.

Vəkil Anar Qasımlı isə məhkəmə qərarlarının yalnız peşəkar müstəvilərdə müzakirəsinin arzuolunan olduğunu deyib:

“Demokratik cəmiyyətdə müzakirə çox önəmlidir. Təbii ki, məhkəmə qərarları da müzakirə oluna bilər. Lakin mən bir hüquqşünas olaraq peşəkar mövzuların qeyri-peşəkar müstəvilərdə müzakirə olunmasını sevmirəm. Məhkəmə qərarları peşəkar səviyyədə müzakirə olunmalıdır. Məsələn, yalnız vəkillərin, prokurorların, hakimlərin iştirak etdiyi bir platforma olsa və bu qərarlar həmin platformada müzakirə olunsa, daha yaxşı olardı. Çünki sosial şəbəkələrdə müzakirə bir çox hallarda təhqirlərə yol açır. Bu cür müzakirələr hakimin toxunulmazlığı, müstəqilliyi, bütövlükdə məhkəmə hakimiyyətinin nüfuzu üçün çox mənfi haldır. Məhkəmə qərarı Azərbaycan Respublikasının adından çıxarılır. Biz onunla razılaşsaq da, razılaşmasaq da, qanuni qüvvəsini aldıqdan sonra məcburidir. Əgər şəxs məhkəmə qərarından narazıdırsa, bunu müzakirəyə çıxarmaq əvəzinə, həmin qərardan yuxarı instansiya məhkəmələrinə şikayət edə bilər. İstənilən halda biz məhkəməyə hörmətsizlik etməməliyik”.

Vəkil çıxarılan qərarlara görə məhkəmələrə qarşı hörmətsizlik edilməsini yolverilməz hesab etsə də, hakimlərin şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac görmədiyini deyib:

“Hakim ədalətlidirsə, öz fəaliyyətində yalnız qanunu rəhbər tutaraq qərar qəbul edibsə və haqsız tənqidlə üzləşibsə, düşünürəm ki, o, öz şərəf və ləyaqətinin müdafiəsini hazırkı qanunlar çərçivəsində təmin edə bilər”.

A.Qasımlı bəraət hökmləri ilə bağlı məsələyə münasibət bildirib:

“Hesab edirəm ki, bəraət hökmlərinin az və ya çox olması müzakirə olunmamalıdır. Belə bir statistika aparılmamalıdır. Hakimlər niyə az bəraət verir, bəraət hökmləri çox olmalıdır və s. kimi tələb qoyulmamalıdır. Əgər ittiham düzgün verilibsə və məhkəmə də işə düzgün baxıbsa, qərəzli münasibət olmayıbsa, onda bəraət də olmamalıdır. Bəraət qərarı varsa, demək ki, əvvəlki mərhələdə araşdırma qanunauyğun olmayıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir