İdman

Amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan millisi final mərhələsinə vəsiqə qazanıb – FOTO

Sharing is caring!


Amputasiya olunmuş şəxslərdən ibarət futbol üzrə Azərbaycan millisi 2024-cü ildə Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, komanda buna Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə Şotlandiyada keçirilən Millətlər Liqasındakı uğurlu çıxış sayəsində müvəffəq olub.

D divizionunda Niderland, Şotlandiya, Albaniya və Kosovo milliləri ilə mübarizə aparan yığma qrupu 2-ci pillədə başa vurub.

Turnirin bağlanış mərasimində komanda Avropa Amputant Futbol Federasiyasının prezidenti cənab Mateuş Vidlak və Şotlandiyanın sosial qayğı və idman naziri xanım Mari Todd tərəfindən gümüş medallar ilə təltif olunub.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə düşmən tərəfindən basdırılan minaların partlaması nəticəsində xəsarət alan şəxslərdən ibarət kollektiv Avropa çempionatının final mərhələsində ilk dəfə iştirak edəcək. 16 ölkənin mübarizə aparacağı final mərhələsində dünya çempionu Türkiyə ilə yanaşı, İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və Polşa kimi güclü yığmalar iştirak edəcək.

Azərbaycan millisinin Millətlər Liqasında iştirakı ANAMA və AFFA arasında minadan zərərçəkənlərin cəmiyyətə reinteqrasiyası və futbol vasitəsilə mina təhlükəsinə dair maarifləndirmədə kütləviliyin təmin edilməsi çərçivəsində bağlanılmış qarşılıqlı anlaşma memorandumu əsasında təşkil olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir