İdman

Rəşad Sadıqov: “Azərbaycanda iki yerdə işləməyi yalnız Qurban Qurbanov bacara bilər”

Sharing is caring!


“Zirə” Azərbaycan Premyer Liqasının X turunda səfərdə “Kəpəz”lə 0:0 hesablı heç-heçə edib.

“Qafqazinfo” xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyuna çox pis başladıq. “Kəpəz” ilk hissədə meydanda rahat idi. Qapımıza təhlükəli zərbələr vurdular. İkinci hissədə oyunumuzu düzəltdik. Təəssüf ki, bunu nəticəyə çevirə bilmədik. Heç-heçə ədalətli nəticədir.

– Komandada bitiricilik çatmır. Bu haqda nə deyə bilərsiniz?

– Keyfiyyətlə bağlı problem yaşayırıq. Heyətimizdə yaradıcı futbolçu qıtlığı var. Digər komandalara baxırıq, heç nədən qol yaradırlar. Ümumən futbolçuların çıxışından razıyıq. 20 xal toplamışıq. Sadəcə olaraq oyun baxımından daha yaxşısını istəyirəm.

– Sizə elə gəlmir ki, zirvədə qalmaq çətin olacaq?

– Təbii ki, çətin olacaq. Bu gün ilk hissədən narazı idim. Amma ikinci hissədə yaxşı oynadıq. Çempionat çətin keçir. Kim daha istəkli olacaqsa, o da üstünlük qazanacaq. Nə isə proqnoz vermək çətindir. Bəzi mövqelərdə usta futbolçuya ehtiyacımız var.

– “Qarabağ”ın sıralamada sizi izləməsi üzərinizdə təzyiq yaratmır?

– Yox. “Qarabağ”ın xal toplaması bizdə basqı yarada bilməz. Onların gücünə hamımız bələdik. Bütün matçlar ağır keçir. Oyunları təhlil edəndə əmin olmursan ki, hansısa rəqib üzərində dominantlıq edəsən. Hamı böyük çətinliklə qələbə qazanır. Bu, futbolumuz üçün yaxşıdır. Uzun illərdir ki, çempionatda rəqabətin olmasını istəyiridik. Bu mövsüm bunu görürük. Bizi çox maraqlı mövsüm gözləyir.

– Milli komanda ilə adınız hallanır. Bu, “Zirə”dəki işinizə təsir etmir?

– Yox, qəti təsir etmir. Uzun illərdir futbol ictimaiyyəti millidə yerli məşqçinin çalışmasını istəyir. Mən də yerli məşqçilərdənəm. Adımın hallanması normaldır. Bu gün bütün varlığımla “Zirə”nin uğurları üçün çalışıram.

– Əgər təklif gəlsə, dəyərləndirərsiniz?

– Bu dəqiqə bütün işim “Zirə” ilə bağlıdır. Ehtimalla bağlı suallara cavab verməyi düzgün hesab etmirəm.

– Həm klubda, həm də millidə işləməyə razı olarsınız?

– İki yerdə işləməyi Azərbaycanda yalnız Qurban Qurbanov bacara bilər. Mən və digər məşqçilər üçün çox çətin olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir