İdman

“Turan Tovuz”un baş məşqçisi: “Çempionatımızın ən böyük problemi sabitliyin olmamasıdır” – MÜSAHİBƏ

Sharing is caring!


Azərbaycan Premyer Liqasının geridə qalan birinci dövrəsində 11 xal toplayan “Turan Tovuz” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Yay fasiləsində bir çox aparıcı futbolçusu ilə yollarını ayıran bölgə təmsilçisi daha uğurlu çıxışa ümid edir.

“Report”un suallarını cavablandıran “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov həm birinci dövrəni dəyərləndirib, həm də cari mövsümdə qarşılarına qoyduqları hədəfləri açıqlayıb.

– Geridə qalan birinci dövrəni necə dəyərləndirərdiniz?

– Hələ mövsümün əvvəlindən bilirdik ki, gərgin çempionat alınacaq. Çünki klubların transfer fəaliyyəti ötənilkindən fərqli oldu. Yayda bütün klublar öz büdcə səviyyəsinə uyğun gücləndilər. İlk turlardan gərginlik görünürdü. Oyunlarda xal qazanmaq çox çətindir. Hətta iddialı komandalar da çətinliklərlə üzləşirlər.

– “Turan Tovuz”un qeyri-sabit nəticələr göstərməsi nədən qaynaqlanır?

– Hazırda çempionatımızın ən böyük problemi sabitliyin olmamasıdır. İddialı olmaq istəyirsənsə, ilk növbədə sabitliyi qorumalısan. İndi bizdən də təcrübəli klublar bunu edə bilmirlər. Ötən mövsüm yaxşı çıxış edənlər bu dəfə həmin uğuru təkrarlamaqda çətinlik çəkirlər. Bunun səbəbləri çoxdur. Sabitlik qazanmaq üçün illər lazımdır. Bundan ötrü futbolçuların ustalıq səviyyəsi artmalı, eyni heyət uzun müddət bir yerdə çıxış etməlidir.

– 9 oyundan 6-sını səfərdə keçirmisiniz. Bunun fonunda qazanılan 11 xalı normal saymaq olar?

– Nəticələrin bizim üçün orta olduğunu deyə bilərəm. Bundan da yaxşı çıxış edə bilərdik. Ancaq bizdən az xal toplayanlar da var. Əlbəttə, ikinci dövrə daha çətin olacaq. Əsas odur ki, oyun səviyyəmizi artıra bilək.

– Tovuzda keçirdiyiniz hər üç görüşdə qələbə qazana bilməmisiniz. Hansı matçdakı xal itkisinə daha çox məyus oldunuz?

– Evdəki ilk görüşümüzü “Səbail”ə qarşı keçirdik. Həqiqətən də, həmin qarşılaşmada yaxşı deyildik. Oyun planında istədiyimizi edə bilmədik. “Qəbələ” ilə matçda yaxşı idik. Həmin oyunun qəhrəmanı rəqibin qapıçısı Rəşad Əzizli oldu. Çox sayda qurtarış etdi. Hətta 3-4 qol vurub, matçın taleyini erkən həll edə bilərdik. Təəssüf ki, sonda 2:2 hesabı ilə barışdıq. “Qəbələ” üzərində qələbəni əldən verdik. “Neftçi” ilə qarşılaşmada isə heç-heçəyə yaxın idik, son dəqiqələrdə qol buraxaraq məğlub olduq. Bəzən zəif oyunla qələbə qazana və ya güclü çıxışla məğlub ola bilərsən. Futbolda bu kimi hallar normaldır.

– Son dörd oyunda qələbə qazanmadığınızı nəzərə alsaq, milli komandaların çıxışları ilə bağlı yaranan fasiləni sizin üçün göydəndüşmə hesab etmək olar?

– Fasilə hərdən müsbət dəyişikliyə yol açır. Bəzən isə deyirsən ki, çempionat davam etsəydi, daha yaxşı olardı. Fasilənin kimə necə təsir edəcəyini qarşıdakı turlarda görəcəyik. Bizim üçün yaxşı məqam odur ki, zədəlilərimiz çox idi. Onların sağalıb sıraya dönmələri baxımından çempionatda fasilənin yaranması bizə sərf etdi.

– Bütün komandalar yavaş-yavaş öz oyunlarını tapırlar. Razısınız ki, ikinci dövrə daha çətin olacaq?

– Tamamilə doğrudur. Birinci dövrəni yaxşı keçirməyən komandalar var. Bəlkə də, ikinci dövrə onların dövrəsi olacaq. Təbii ki, biz də daha güclü olmaq üçün çalışırıq.

– Bunu məşqçi karyeranızın ən gərgin mövsümü hesab etmirsiniz?

– Komandaların bu mübarizəni sona qədər qoruyub-qorumayacaqları 2-3-cü dövrələrdə bilinəcək. Bəli, mövsüm çox gərgin başlayıb. Ancaq elə vaxt olub ki, həm çempionluq, həm də avrokuboklara vəsiqə uğrunda sona qədər mübarizə gedib. “Neftçi”nin çempion olduğu 2020/2021 mövsümünün son turunda onlar “Qarabağ”a qalib gələrək, bunu əldə etdilər. Elə həmin vaxt “Sumqayıt”la üçüncü yeri axırıncı turda tutduq. Hansısa mövsümdə gərgin mübarizə olmadığını demək olmaz. Sadəcə, cari mövsümün fərqi ondadır ki, 10 komandanın hamısı bir-birini məğlub edə bilər. Səviyyə baxımından klublar arasında ciddi fərq yoxdur.

– Rəqiblərə artıq bələdsiniz. “Turan Tovuz” bu çempionatda maksimum neçənci yerə iddia edə bilər?

– Turnir cədvəlinə baxsaq, “Sabah” və “Qəbələ” təcrübəsinə, oyunçu potensialına görə yuxarı pillələrə qalxa bilər. Belə olarsa, mübarizə daha da gərginləşəcək. Biz hər oyunda xal qazanmaq və mövsümü maksimum dərəcədə yüksək pillələrdə bitirmək istəyirik. Əlbəttə ki, çətin olacaq. Ancaq bunun üçün çox çalışacağıq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir