İdman

AFFA Məşqçilər Komitəsinin üzvü: “Berti Foqtsun vaxtındakı daha yaxşı idi”

Sharing is caring!


“Sonuncu yeri tutmamaq üçün Estoniyanı məğlub etməliyik”.

Bunu “Report”a açıqlamasında əməkdar məşqçi, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan millisinin səfərdə Estoniyaya qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı danışarkən deyib.

76 yaşlı mütəxəssisin sözlərinə görə, futbolçular ruhən qələbəyə hazır olmalıdırlar:

“Sabahkı matç da bunlardan biridir. Bunun üçün hazırlaşmaq lazımdır. Bakıda bu rəqiblə heç-heçə (1:1) etdik. İlk hissədə estonlar əla oynadılar, bir neçə qol şansları oldu. İkinci yarıda isə biz yaxşı oyun sərgilədik. Futbolçular özlərini belə qarşılaşmalara kökləməlidilər. Bir də matç üçün düzgün heyət və taktika seçilməlidir. Mən də komandamızın rəqibi məğlub etməsini istəyirəm”.

Mircavadov yığmadakı oyunçuların durumu haqqında da danışıb:

“Hər seçmə mərhələdə fikirləşirik ki, hansısa ortabab komanda düşəcək və qalib gələcəyik. Amma düşünmürük ki, niyə inkişaf etmirik? Futbolçular niyə millidə sabit çıxış edə bilmirlər? Bu məsələ ilə bağlı yığmanın məşqçi heyəti klublarla sıx əlaqədə olmalıdır. Klublarda bizə lazım olan mövqelərdə əcnəbiləri oynadırlar. Yığmada bəzi legionerlərimiz də var. Onların da əksəriyyəti hücum mövqeyindədir. Ramil Şeydayev, Musa Qurbanlı və Mahir Emreli komandaya hazır vəziyyətdə qoşulublar. Etiraf etməliyik ki, onların çempionatları bizim Premyer Liqadan üstündür. Digər oyunçuların niyə hazır olmadıqlarını klublardan soruşmaq lazımdır. Çempionat niyə keçirilir? Bunun əsas səbəblərindən biri milliyə futbolçu verməkdir. Bəzi futbolçuların klublarda milliyə nisbətən yaxşı çıxış etdiyini görmüşük. Ola bilsin ki, taktiki gedişlər və sistem fərqlidir”.

Təcrübəli mütəxəssis hazırkı millinin heyətinin tarixin ən yaxşısı olması fikri ilə razılaşmayıb:

“Berti Foqtsun vaxtındakı daha yaxşı idi. Həmin dönəmdə yerli oyunçular çox keyfiyyətli idilər. Amma bu heyətlə də Estoniyanı udmağa layiqik. Bunun üçün futbolçularda qələbə ruhu olmalı, baş məşqçi düzgün taktika seçməlidir”.

O, son olaraq “bu seçmə mərhələdən sonra da Canni De Byaziyə şans verilməlidir” sualını cavablandırıb:

“Bunu zaman göstərəcək. İndidən danışmağın mənası yoxdur. O, istəyir və çalışır. Amma düzgün taktika qurulmalıdır, biz öz futbolumuzu oynamalıyıq. Bir də futbolçu seçimi çox önəmlidir. Klubda az oynayan futbolçunu yığmaya dəvət ediriksə… Oyunçunun adı lazım deyil. Bu periodda hansının yaxşı oynaması və yığmaya layiq olması vacibdir. Amma hazırda baş məşqçinin işinə qarışmaq fikrim də yoxdur. Seçimini edib, buna görə taktika qurmalı və oyunu udmalıdır”.

Qeyd edək ki, oktyabrın 13-də Tallində reallaşacaq Estoniya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir