İdman

“Sabah”ın sabiq baş məşqçisi: “Komandanın toparlanmaq üçün bir qələbəyə ehtiyacı var”

Sharing is caring!


“Sabah”ın toparlanmaq üçün bir qələbəyə ehtiyacı var”.

Bunu “Report”a açıqlamasında “Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyev komandanın cari mövsümdəki çıxışına münasibət bildirərkən deyib.

42 yaşlı mütəxəssis Bakı klubunun cari mövsüm Premyer Liqada uğursuz çıxışını yayda heyətdə edilən dəyişikliklərlə əlaqələndirib:

“Ötən mövsüm başa çatandan sonra “Sabah” üç əsas oyunçusunu itirdi. Abdulaye Ba müdafiə xəttini idarə edirdi, Aleksey Kaşuk və Coy Lens Mikels isə hücumda aparıcı rol oynayırdılar. Onlar komandanın sütunu idilər. Adlarını sadaladığım futbolçuların gedişi “Sabah”a təsir etməli idi. Bununla yeni gələnlərin zəif olduğunu demək istəmirəm. Sadəcə, komandanın formalaşması üçün zamana ehtiyacı var idi. Heyətə nə qədər güclü oyunçular gətirsən də, onların bir-birilərinə uyğunlaşmaları vaxt alır. Mənə elə gəlir ki, “Sabah”ın düşdüyü bu durum müvəqqətidir”.

Hazırda AFFA-da istedadlı futbolçuların inkişaf proqramında çalışan Ramin Quliyev “Sabah”ın tezliklə qələbələri sıralayacağına inanır:

“Sabah”ın vaxt limiti dolub. Komandada sanki özünəinam itib. Bu da qələbə qazanmamaqdan qaynaqlanır. Fikrimcə, növbəti turlarda bunu reallaşdıra biləcəklər. Qarşıda hələ üç dövrə var. Ardıcıl 2-3 qələbə “Sabah”ı yenidən liderlər qrupuna yüksəldər”.

Qeyd edək ki, Ramin Quliyev 2020/2021 mövsümündə 9, 2021/2022-də isə 7 çempionat oyununda “Sabah”a rəhbərlik edib. Paytaxt təmsilçisi hazırda Premyer Liqada 6 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir